ETSN: “Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya veriləcək suyun keyfiyyətinin standartlara uyğun olmaması barədə məlumatlar həqiqəti əks etdirmir”

ETSN: “Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya veriləcək suyun keyfiyyətinin standartlara uyğun olmaması barədə məlumatlar həqiqəti əks etdirmir”
# 02 avqust 2008 07:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. “Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya veriləcək suyun keyfiyyətinin standartlara uyğun olmaması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”. Bu barədə «APA-Economics»ə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib. ETSN-dən verilən məlumata görə, 2005-2007-ci illərdə Oğuz və Qəbələ rayonları ərazisində yeraltı suların kəşfiyyatı və istismar ehtiyatlarının qiymətləndirilməsi məqsədilə tədqiqatlar aparılıb. Qazılmış quyulardan və bulaqlardan götürülmüş su nümunələri kompleks analiz olunub və analizin nəticələrinə görə (kimyəvi, bakterioloji, radioloji və sanitar epidemioloji) Alazan-Əyriçay hövzəsinin sugötürücülər zonasında yeraltı suların çirklənməsi müşahidə edilməyib. Analizlər “Azərneftekologiyaservis” İdarəsinə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar Gigiyena laboratoriyasına və AMEA-nın Ətraf Mühitin Radiasiya Nəzarəti Laboratoriyasına təqdim olunub. Analiz üçün təqdim edilmiş su nümunələrinin tərkibində insan orqanizmi üçün zərərli olan heç bir maddə aşkarlannmayıb. Yeraltı suların keyfiyyət göstəriciləri DÜİST 2874-83 (İçməli su) tələblərinə uyğundur. Minerallaşma dərəcəsi 0,3-1,0 q/l olan bu sular kimyəvi tərkibcə hidrokarbonatlı və hidrokarbonatlı-sulfatlı tiplərə aiddir. Aparılan çoxillik rejim müşahidələri bu parametrlərin sabit qaldığını sübut edib: «Kənd təsərrüfatında istifadə edilən kimyəvi maddələr, o cümlədən müxtəlif pestisidlər nəzəri cəhətdən yalnız 5-10 metr dərinlikdə yerləşən, əsasən yağış sularından ibarət qrunt sularında ola bilər. Bu da əl ilə qazılmış 5-6 metr dərinlikdəki quyularda müşahidə edilə bilər və lokal xarakter daşıyar. «Oğuz-Qəbələ-Bakı» layihəsi çərçivəsində qazılan quyular isə 120-150 metr dərinlikdə olub, torpaq üstü çirklənmələrlə heç bir əlaqəsi olmayan sularla bağlıdır».
Qeyd edək ki, bir neçə gün əvvəl bir qrup QHT nümayəndəsi keçirdiyi mətbuat konfransında bu kəmərlə Bakıya veriləcək suyun tərkibində insan orqanizmi üçün zərərli pestisidlərin olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR