Bank Of Baku

Bakıda beynəlxalq təhsil və karyera sərgisi keçirilir

Bakıda beynəlxalq təhsil və karyera sərgisi keçirilir
# 02 oktyabr 2008 08:57 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, sərginin ötən ildən keçirildiyinə baxmayaraq, iştirakçıların sayı əvvəlki ilə nisbətən 25% artıb. Nazir qeyd edib ki, 2007-ci ildə 1 000-ə yaxın azərbaycanlı tələbə xaricə təhsil almağa göndərildiyi halda, bu il həmin göstərici 1 130-a çatıb.
«Ümumiyyətlə, hazırda 4 minə yaxın azərbaycanlı tələbə xaricdə təhsil alır ki, bunun da 1 000 nəfəri dövlət hesabına maliyyələşdirilir. Azərbaycanda isə 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır və son 5 ildə onların sayı 2 dəfə artıb», - deyə M.Mərdanov vurğulayıb.
M.Mərdanov həmçinin əlavə edib ki, son illər ərzində ölkədə təhsilin keyfiyyəti yüksəlib. Belə ki, 600-dən çox bal toplayan abituriyentlərin sayı dəfələrlə artıb.
Sərginin meneceri Xəyal Əliyeva isə bildirib ki, sərgidə 11 ölkədən 40 şirkət və təşkilat iştirak edir. Sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20%, iştirakçıları isə 25% artıb. Tədbirdəki ekspozisiyalar orta və ali təhsil, xaricdə təcrübə, iş imkanları, dil kursları və ixtisasartırma, təhsildə İKT və digər məhsul və xidmətlər təklif edir.
Sərgidə İtaliya, Almaniya, Böyük Britaniya, Yunanıstan, İsveçrə və digər ölkələrin təhsil mərkəzləri iştirak edir.
Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək sərgi «İteca Caspian» şirkəti tərəfindən təşkil olunub. Sərgini Azərbaycanın Təhsil Nazirliyi, Azərbaycan Ticarət və Sənaye Palatası dəstəkləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR