Bank Of Baku

Azərbaycanda pensiyanın hesablanması zamanı iş stajı əsas götürüləcək

Azərbaycanda pensiyanın hesablanması zamanı iş stajı əsas götürüləcək
# 02 oktyabr 2008 11:05 (UTC +04:00)
Fond sədrinin sözlərinə görə, bu təkliflərdən ən əsası 2006-cı ilin yanvarın 1-dək, yəni köhnə sistem əsasında pensiyaya çıxanların pensiya hüquqlarının müəyyənləşdirilməsi mexanizminin dəyişdirilməsi ilə bağlıdır. S.Müslümov bildirib ki, hər bir şəxs pensiyaya çıxanda onun pensiyası iki hissədən ibarət olur: «2006-cı ilin yanvarın 1-ə qədər olan dövrü əhatə edən birinci hissədə pensiyanın məbləği köhnə pensiya sisteminin qanunvericiliyinə uyğun hesablanır. İkinci hissə isə 2006-cı ilin yanvarın 1-dən sonra fərdi uçot sisteminin məlumatlarına əsasən müəyyənləşdirilən pensiya məbləğidir. İkinci hissənin hesablanmasında heç bir problem yoxdur. Çünki hər bir şəxsin fərdi hesabı var, 2006-cı ilin yanvarından sonra bütün aylar üzrə bu hesabda toplanılan sosial sığorta haqları əsasında onun qeyd edilən müddətdən sonrakı dövr üçün pensiyasının məbləği müəyyənləşdirilir. Lakin 2006-cı ilin yanvarın 1-dək olan hesabı müəyyənləşdirmək üçün onun 2004-2005-ci illər ərzindəki orta aylıq əmək haqqı əsasında arayış tələb olunur. Həmin arayış əsasında da pensiyaçının 2006-cı ilin yanvarın 1-ə qədər olan pensiyası müəyyənləşdirilir».
S.Müslümov əlavə edib ki, pensiya sistemində neqativ hallar da məhz bu zaman meydana çıxır. Çünki arayışların çoxu arxivlərdən və guya keçmişdə fəaliyyət göstərildiyi bildirilən müəssisələrdən gətirilir. Fond sədrinin sözlərinə görə, pensiya hesablanması zamanı əmək haqqının məbləğinə qoyulan məhdudiyyət də ləğv edilib. Bu kimi hallar isə pensiyaların məbləğinin süni şəkildə şişirdilməsinə şərait yaradır.
Yeni təkliflərini belə neqativ halların qarşısını almaq üçün hazırladıqlarını deyən S.Müslümov qeyd edib ki, təkliflərdə 2006-cı ilin yanvarın 1-ə qədər olan dövr üçün pensiyanın məbləği müəyyənləşdirilərkən əmək haqqına istinadın ləğvi, yalnız staj əsasında məbləğin müəyyənləşdirilməsi prinsipinə keçmək nəzərdə tutulur.
DSMF sədrinin sözlərinə görə, bu qaydalar yalnız pensiyaya bundan sonra çıxanlara şamil edilə bilər. Təkliflər cari ilin sonuna kimi qəbul edilərsə, artıq 2009-cu ilin yanvarın 1-dən pensiyaya çıxanlar üçün bu sistem tətbiq ediləcək. Ədalətli sistem olduğundan 2006-2009-cu dövr üçün pensiya hesablanmasında heç bir dəyişiklik olmayacaq. Yeni təkliflərin reallaşması nəticəsində stajı çox olan işçilərin pensiyalarının məbləği də artacaq.
S.Müslümov onu da əlavə edib ki, hazırda yeni sistemlə pensiya alanların sayı 200 min nəfərə yaxındır. Azərbaycandakı 1,263 mln. pensiyaçının 1,05 mln-a yaxını isə köhnə sistemlə pensiyaya çıxanlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR