Bank Of Baku

Azərbaycan Kür və Araz çaylarında keçirilən son ekoloji monitorinqin nəticələrini açıqlayıb

Azərbaycan Kür və Araz çaylarında keçirilən son ekoloji monitorinqin nəticələrini açıqlayıb
# 03 oktyabr 2008 13:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın III ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Kürün Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddinin (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Kür çayının Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 6, mis birləşmələri 4, Ağstafaçayda fenollar 5, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 6, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Biogen maddələr və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 və Ağstafaçay məntəqələrində YVQH-dən 1,4-1,5 dəfə çoxdur. Buna səbəb isə Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Horadiz məntəqəsində 1,3, Bəhramtəpədə 1,9, I Şahsevəndə isə 2 dəfə YVQH-ni keçib. Bunun səbəbi isə Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,12-8,36 mq/l arasında dəyişərək norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR