Bank Of Baku

Azərbaycan Kür və Araz çaylarında keçirdiyi növbəti ekoloji monitorinqin nəticələrini açıqlayıb

Azərbaycan Kür və Araz çaylarında keçirdiyi növbəti ekoloji monitorinqin nəticələrini açıqlayıb
# 27 oktyabr 2008 08:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabrın II dekadasında keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Kürün Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 4 dəfə, Ağstafaçayda mis birləşmələri 3 dəfə YVQH-ni keçib, fenollar norma daxilindədir. Ağstafaçay Su Anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Biogen maddələr və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 2, Ağstafaçay məntəqəsində isə 1,9 dəfə YVQH-ni ötüb. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Suyun əsas çirkləndiricilərindən olan fenollar çayın Horadiz məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə, mis birləşmələri isə Horadiz və I Şahsevən məntəqələrində 4, Bəhramtəpə məntəqəsində isə 3 dəfə YVQH-ni keçib.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,1 dəfə, Bəhramtəpədə 1,9 dəfə, I Şahsevəndə 1,7 dəfə YVQH-ni ötüb. Bunun da səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.
Bu çayda suyun oksigen rejimi bütün məntəqələrdə 5,39-6,64 mq/l arasında dəyişərək norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR