Bank Of Baku

Azərbaycan əcnəbilərə fərdi iş icazəsi üçün dövlət rüsumunu artıracaq

Azərbaycan əcnəbilərə fərdi iş icazəsi üçün dövlət rüsumunu artıracaq
# 28 oktyabr 2008 12:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərə fərdi iş icazəsinin verilməsi üçün ödənilən dövlət rüsumunun məbləğinin artırılması təklifi ilə Nazirlər Kabinetinə müraciət edib. «APA-Economics»in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.
Artımın nə qədər olacağını açıqlamaq istəməyən N.Məmmədov bunun Nazirlər Kabinetində aparılan müzakirələrdən asılı olduğunu söyləyib. Nazir müavininin sözlərinə görə, ötən ilin dekabrında İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdən sonra Azərbaycanda əmək fəaliyyəti ilə leqal məşğul olan əcnəbilərin sayı 4 dəfə artıb.
N.Məmmədov bildirib ki, yeni dəyişikliklərə görə, əmək miqrantı fərdi iş icazəsi almadan hər hansı müəssisədə işləyərsə, işəgötürən 33-35 min manat cərimələnir. Belə cərimələrin ödənilməməsi üçün artıq müəssisələr fərdi iş icazəsi almaq məqsədi ilə ƏƏSMN-ə müraciət edir. Bu nazirlik də Dövlət Miqrasiya Xidmətinin rəyi əsasında əcnəbi vətəndaşlara fərdi iş icazəsi verir: «Elə əmək miqrantı var ki, Azərbaycanda sürücülük etmək istədiyini deyir, amma ölkədə kifayət qədər sürücü var. Ona görə də belə hallarda mənfi rəyimizi bildiririk. Ancaq yeni texnologiyaların tətbiqi ilə əlaqədar elə yeni ixtisaslar var ki, onlarla bağlı müraciət edən əcnəbilərə fərdi iş icazəsi verilir».
Qeyd edək ki, hazırda Azərbaycanda əcnəbi vətəndaşlar üçün fərdi iş icazəsi almaq üçün dövlət rüsumunun məbləği 45 manatdır. Fərdi iş icazəsi 1 il müddətinə verilir və 4 dəfə artırıla bilər. Hazırda Azərbaycanda 4 minə yaxın əcnəbi əmək fəaliyyəti ilə qanuni məşğul olur və onların 73%-ı qeyri-neft sektorunda çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR