Bank Of Baku

Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və həmin Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı layihələri hazırdır - MÜSAHİBƏ

Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və həmin Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı layihələri hazırdır - <font color=red>MÜSAHİBƏ</font>
# 12 dekabr 2008 11:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Azərbaycan prezidenti İlham Əliyev 2008-ci il aprel ayının 10-da “Azərbaycan elmində islahatların aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb. Sərəncamda baş nazir Artur Rasi-zadənin sədr olduğu Komissiyaya 6 ay müddətində Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və həmin Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı layihələrinin hazırlanması tapşırılıb. Sərəncamın icrası ilə bağlı Komissiyanın sədr müavini, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov APA-ya müsahibə verib.

- Mahmud müəllim, elmdə islahatların aparılması üzrə Dövlət Komissiyasının ötən müddət ərzindəki fəaliyyəti, Komissiyanın qarşısında qoyulan vəzifələrin həyata keçirilməsi haqqında nə deyə bilərsiniz?

- Sərəncamın icrası ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasında respublikanın nazirlik, dövlət komitələri, şirkətlər və ali təhsil müəssisələrinin məsul nümayəndələrindən, alim və mütəxəssislərdən ibarət AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimovun sədrliyi ilə İşçi qrupu yaradılıb. Cari ilin aprel-may aylarında İşçi qrupunun fəaliyyəti nəticəsində ölkədə mövcud olan elmi-tədqiqat müəssisələrinin elm və innovasiya sahəsində göstəriciləri haqqında məlumatlar toplanılıb, təhlil edilib və respublikanın müvafiq mütəxəssislərinin təklifləri əsasında Milli Strategiyanın əsas istiqamətləri və fundamental tezisləri müəyyənləşdirilib. Dövlət Komissiyasının 17 iyul 2008-ci il tarixində Nazirlər Kabinetində keçirilmiş iclasında Milli Strategiyanın işlənilməsi üçün müəyyənləşdirilmiş əsas istiqamətlər və fundamental tezislər müzakirə edilərək komissiya üzvləri tərəfindən bəyənilib. Keçən müddət ərzində Dövlət Komissiyasının qəbul etdiyi əsas istiqamətlərə müvafiq olaraq Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və həmin Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı layihələri hazırlanıb. Hər iki sənədin layihəsi Dövlət Komissiyası üzvlərinin, respublikanın ali təhsil müəssisələri müəllimlərinin, AMEA üzvlərinin, müvafiq alim və mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub, onların rəy və təklifləri əsasında yenidən işlənilib. Hazırda hər iki sənədin layihəsi son variantda hazırdır.

- Hazırlanmış Strategiya layihəsi hansı sahələri əhatə edir, nəzərdə tutulan işlərin həyata keçirilməsi üzrə hansı icra mexanizmləri müəyyənləşdirilib?

- Strategiya, Prezidentin müvafiq sərəncamında da qeyd edildiyi kimi, Azərbaycanda elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası, bütövlükdə elmin inkişaf etdirilməsi məqsədilə hazırlanıb. Layihədə, ilk növbədə, fundamental elmin bəşəriyyətin sosial-iqtisadi, siyasi-hüquqi və mədəni-mənəvi tərəqqisində, təhlükəsizliyində, davamlı inkişafında rolu və yeri əsaslandırılıb, bu aspektdə Azərbaycan elmi fikrinin inkişafına nəzər salınıb. Daha sonra Azərbaycanda elm sahəsində mövcud vəziyyət statistik rəqəmlər əsasında təhlil edilib, strategiyanın hazırlanmasını şərtləndirən amillər müəyyənləşdirilib. Elmin inkişafı üzrə Milli Strategiya layihəsi Azərbaycan Respublikasının elmi-tədqiqat müəssisələrinin sistemli təsnifatı; elmi və elmi-təşkilati fəaliyyətin dəyərləndirilməsi; dövlətin elmi-texniki və innovasiya siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi; elm və texnika sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və elmi qurumların strukturunun müəyyənləşdirilməsi; elmi tədqiqatların prioritetlərinin ölkənin strateji sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi; elmi-texniki infrastrukturun modernləşdirilməsi; elmi-tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizminin təkmilləşdirilməsi; beynəlxalq elmi əməkdaşlıq; yüksəkixtisaslı kadrların hazırlanması; elmi məktəblərin qorunması və varisliyin təmin edilməsi; elmi-tədqiqat qurumlarının maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması və s. kimi istiqamətləri əhatə edir. Bundan əlavə, elm, təhsil və istehsalın inteqrasiyası, elmi işçilərin sosial müdafiəsi, elmin normativ-hüquqi bazasının yaradılması, elmin informasiya təminatı kimi məsələlər də Milli strategiya layihəsinin əsas istiqamətlərindəndir.
Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramında isə 2009-2015-ci illər ərzində Milli strategiyada nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün konkret tədbirlər, onların icra mexanizmləri və icraya məsul təşkilatlar müəyyənləşdirilib. Dövlət Proqramında Azərbaycan Milli Elmlər Akademiyası ilə nazirlik, dövlət komitələri, səhmdar cəmiyyətlər və şirkətlərin, ümumiyyətlə icra strukturlarının birgə fəaliyyəti nəzərdə tutulur.

- Elmin inkişafı üzrə Milli Strategiyada Azərbaycan Milli Elmlər Akademiyasının rolu və yeri necə dəyərləndirilib?

- Şübhəsiz, son 60 ildə Azərbaycan Elmlər Akademiyası qədim və zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb. Akademiyanın inkişafının böyük bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ötən əsrin 70-80-ci illərdə Azərbaycan Elmlər Akademiyasının yalnız keçmiş SSRİ deyil, dünya miqyasında da elmi proseslərin inkişafına təkan verən çoxsaylı elmi uğurları, bir çox yeni institutların, elmi-tədqiqat müəssisələrinin yaranması bilavasitə ulu öndərin rəhbərliyi ilə dövlətin elmə müstəsna qayğısının nəticəsi idi.
Azərbaycan Prezidentinin 2003-cü il 4 yanvar tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycanı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilat statusunun verilməsi ilə Akademiyanın fəaliyyət dairəsi milli müstəqillik mərhələsində də xeyli genişləndirilmiş, onun səlahiyyətləri artırılıb, Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından onun qarşısına mühüm vəzifələr qoyulub.
Strategiya Azərbaycanın elmi potensialının, xüsusən də Azərbaycan Milli Elmlər Akademiyasının elmi-texniki potensialının, onun innovasiya siyasətinin, kadr hazırlığının imkanlarına əsaslanır. Sənədin müddəaları həm Milli Elmlər Akademiyasının ixtisaslaşdırılmış elmi-tədqiqat institutları qarşısına, həm də ayrı-ayrı istiqamətlər üzrə dövlət siyasətinə cavabdeh olan rəsmi strukturların qarşısına təxirəsalınmaz tələblər qoyur. Bu baxımdan Strategiyanın həyata keçirilməsi elmi qurumlarla müvafiq icra orqanlarının birgə fəaliyyətinin, qarşılıqlı əməkdaşlığının əhəmiyyətini artırır, Azərbaycan Milli Elmlər Akademiyasının bundan sonrakı fəaliyyətində onun üzərinə xüsusi vəzifələr və məsuliyyət qoyur.

- Milli strategiya və strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı 2009-2015-ci illəri əhatə edir. Yəqin ki, elmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi üzrə müddətin yaxın 7 ili əhatə etməsi təsadüfi deyil.

- Əlbəttə. Bu, ilk növbədə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ölkənin perspektiv sosial-iqtisadi inkişaf strategiyasından irəli gəlir. Əgər diqqət etsək, görərik ki, yalnız elm, təhsil, mədəniyyət sferasında deyil, bütövlükdə respublikanın sosial-iqtisadi inkişafı baxımından əhəmiyyət daşıyan, cənab Prezidentin təsdiq etdiyi dövlət proqramlarının, inkişaf strategiyalarının əksəriyyəti yaxın on ili əhatə edir. Respublikada neft və qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun aradan qaldırılması, gənclərin sağlam və hərtərəfli inkişafı, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, əhalinin sağlamlığının qorunması və s. sahələrdə görüləcək işlərlə bağlı həyata keçirilməsi nəzərdə tutulan dövlət proqramlarının əksəriyyəti uzunmüddətlidir. Bir daha qeyd etmək istərdim ki, bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasından irəli gəlir. Dövlət başçısı Azərbaycanın elə bir uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib ki, ölkənin iqtisadi, sənaye, texniki, intellektual, təhsil və elm potensialı bir-biri ilə qarşılıqlı əlaqədə mənəvi və maddi dəyərlər yaradaraq ölkənin kompleks tərəqqisinə xidmət etsin. Müasir sivil dünyanın inkişaf tendensiyalarının nəzərə alınması şərti ilə elmi baxımdan əsaslandırılmış, dəqiq şəkildə proqnozlaşdırılmış belə inkişaf strategiyasının uzunmüddətli olması görüləcək işlərin genişmiqyaslılığından, dövlət proqramlarının ümummilli baxımdan uzaq hədəflərə hesablanmasından irəli gəlir. Yeri gəlmişkən, mən bu kontekstdə, respublikanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə mane ola biləcək bir mühüm amilə, Respublika Prezidentinin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətə münasibət bildirmək istərdim. Dünyada prezidentli respublikalar sırasında tarixən sınaqdan keçmiş 2 model mövcuddur. ABŞ-da dördillik müddətə seçilən prezidentə 2 dəfədən artıq seçilmək imkanı verilmir. Fransada isə bu cür məhdudiyyət mövcud deyil. Hesab edirəm ki, bu və ya digər şəxsin iki dəfədən artıq dövlət başçısı seçilməyinə məhdudiyyətin qoyulması özlüyündə seçkili demokratiya prinsiplərinə ziddir. Əslində bu, bu və ya digər şəxsin seçilməsinə yox, xalqın seçmək hüququna qoyulan məhdudiyyətdir.
Dövlət başçısının səlahiyyət müddətinə qoyulan məhdudiyyət kifayət qədər ciddi məhdudiyyətdir. Bu, xalqın öz iradəsini ifadə etməsinə və hər hansı şəxsi ali dövlət vəzifəsinə sərbəst seçmək hüququna ziddir.
Habelə nəzərə alınmalıdır ki, Azərbaycan Konstitusiyası ilə Prezidentə geniş səlahiyyətlər verilir. Həmin səlahiyyətlərin həyata keçirilməsi böyük siyasi təcrübə, səriştə və idarəçilik bacarıqları ilə yanaşı, həm də xalqın yüksək etimadını və qətiyyətli dəstəyini nəzərdə tutur. Bütün bu keyfiyyətlər və nəzərdə tutulan dövlətin inkişafına yönəlmiş strateji proqramların reallaşması Prezidenti səlahiyyətlərinin 2 müddətlə məhdudlaşdırılması normasına yenidən baxılmasını tələb edir. Əks halda, ölkənin gələcək inkişafına böyük töhfələr verə biləcək real şəxsiyyətin olduğu halda, xalq süni surətdə digər namizədə səs vermək məcburiyyətində qala bilər ki, bu da özlüyündə həm qeyri-demokratik, həm də qeyri-ədalətlidir.

- Görüləcək işlər sayəsində yaxın perspektivdə elmi-intellektual sferada, ümumən Respublikamızın ictimai-siyasi həyatında hansı nəticələr gözlənilir?

- Azərbaycanda elmin inkişafı dövlətin iqtisadi, siyasi, sosial, hüquqi, mənəvi, mədəni, milli təhlükəsizlik sahələrini əhatə edən siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan təbiət, texnika, ictimai və humanitar elmlərin, fənlərarası problemlərlə əlaqəli araşdırmaların inkişafı, o cümlədən ətraf mühitin etibarlı mühafizəsi, davamlı inkişafı, təbabətin fundamental problemləri ilə bağlı məsələlərin əsaslı şəkildə tədqiqi, fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsi məqsədilə zəruri maddi-texniki bazanın yaradılması; dövlətin iqtisadi, siyasi, sosial və digər sahələrdə yüksəlişini təmin etmək məqsədilə elmi-texniki tərəqqinin nailiyyətlərinin daha geniş şəkildə tətbiqi; milli-mənəvi dəyərlərin, etnomədəniyyətin, Azərbaycan tarixinin obyektiv, konseptual və kompleks şəkildə araşdırılması; dövlətin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində elmin rolunun artırılması; humanitar və ictimai elm sahələrinin birgə fəaliyyəti sayəsində azərbaycançılıq məfkurəsinin konseptual elmi əsaslarının işlənilməsi; elmi işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması; insanın bu və ya digər sahədəki fəaliyyət effektivliyinin yüksəldilməsinə yönələn innovasiyaların son dövr mövcud olan texnoloji, iqtisadi, ekoloji, idarəetmə, hərbi, siyasi, mədəni-sosial, hüquqi və sair növlərindən Azərbaycanda da geniş istifadə edilməsi kimi məsələlər yaxın perspektivə proqnozlaşdırdığımız nəticələrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR