Bank Of Baku

Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb
# 17 dekabr 2008 13:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə dekabr ayının I ongünlüyündə keçirdiyi monitorinqin nəticəsini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisində çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini dəfələrlə keçdiyi məlum olub. Kürün Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3, Ağstafaçayda fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenol və mis birləşmələri 2 dəfə yol verilən həddi keçib. Biogen maddələrdən ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 2,4 dəfə, Ağstafaçayın Qazax məntəqəsində normanı 2,7 dəfə, Ağstafaçay Su Anbarında isə 2 dəfə ötüb. Buna səbəb Ermənistan ərazisində məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən birbaşa su obyektlərinə axıdılmasıdır.

Monitorinqin nəticələrinə əsasən Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Suyun əsas çirkləndiricilərindən olan fenollar çayın Horadiz məntəqəsində 4, I Şahsevən məntəqəsində 3, Bəhramtəpə məntəqəsində 2, mis birləşmələri isə hər üç məntəqədə 3 dəfə yol verilən həddi keçib. Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,1 dəfə, Bəhramtəpə məntəqəsində 1,5 dəfə, I Şahsevən məntəqəsində isə 1,4 dəfə yol verilən həddi ötüb. Bunun da əsas səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR