Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunda ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib

Dövlət Sosial Müdafiə Fondunda ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib
# 12 fevral 2009 10:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, iclasda çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, ötən il Fondun gəlirləri 2007-ci ilə nisbətən 44,1% artaraq 1 395 mln. manata çatıb. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2007-ci ilə nisbətən 39,3% artaraq 957,9 mln. manat təşkil edib. Qeyri-büdcə təşkilatlarının ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə müqayisədə 37,1% çoxdur. Bu artım ölkə üzrə əmək haqlarının artımından 6 bənd yuxarı olmaqla, fərdi uçotun tətbiqi dairəsinin genişləndirilməsi, uçotdan yayındırılan işçilərin və əmək haqlarının leqallaşdırılması hesabına təmin olunub. S.Müslümov vurğulayıb ki, hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslərdən daxilolmalar 82%, torpaq mülkiyyətçiləri üzrə isə 69% artıb.
S.Müslümovun sözlərinə görə, yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyəti subyektlərinin «bir pəncərə» prinsipi əsasında qeydiyyatının təşkili ilə bağlı qeydə alınan sığortaolunanların sayı sürətlə artıb. Belə ki, 2008-ci ildə DSMF-nin xərcləri 1 394 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsinə fond tərəfindən 1 341 mln. manat yönəldilib ki, bu da əvvəlki ilə nisbətən 41% çoxdur. Pensiya xərcləri 2007-ci ilə nisbətən 41% artaraq 1 306 mln. manata çatıb. Ötən il əhaliyə 35 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 38%-i hamiləliyə və doğuma, 34%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 20%-i dəfn üçün, 8%-i isə digər müavinətlərin payına düşür.
Fondun sədri qeyd edib ki, daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Digər xərclər isə 53 mln. manat təşkil edib və bu, 2007-ci il üzrə analoji göstəricidən 3,5% çoxdur.
S.Müslümov bildirib ki, əmək pensiyalarının minimum və orta aylıq məbləği 2003-cü ilin oktyabrın 1-i vəziyyətinə müvafiq olaraq 20 manat və 25 manat təşkil edirdisə, 2008-ci ilin həmin tarixində bu məbləğ 3,8 dəfə artaraq minimum pensiya üzrə 75 manat, orta aylıq pensiya üzrə isə 96 manat olub.
S.Müslümovun bildirdiyinə görə, hesabat dövründə vətəndaşlardan 9 632 müraciət daxil olub. Bilavasitə DSMF-nin rəhbərliyi tərəfindən 273 vətəndaş qəbul edilərək, onların müraciətlərinə baxılıb.
Daha sonra kollegiya iclasında Fondun Mərkəzi Aparatının aparıcı şöbələrinin illik hesabatları dinlənilib.
Kollegiya iclasının sonunda qərara alınıb ki, 2009-cu ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması, fərdi uçot sisteminin inkişafı istiqamətində işlər daha da gücləndirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR