Bank Of Baku

Əhalinin sosial müdafiəsi mərkəzlərində 65000 manat məbləğində qanunsuz ödəmə aparılıb

Əhalinin sosial müdafiəsi mərkəzlərində 65000 manat məbləğində qanunsuz ödəmə aparılıb
# 16 fevral 2009 12:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il 43 rayon və şəhər mərkəzlərinin fəaliyyətini araşdırarkən ünvanlı sosial yardım, sosial müavinət, təqaüdlər və digər sahələr üzrə 65000 manat məbləğində qanunsuz ödəmənin aparıldığını aşkarlayıb. Bu barədə APA-ya məlumat verən nazirliyin şöbə müdiri Natiq Qasımov bildirib ki, həmin vəsait təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə qaytarılıb. Araşdırma zamanı işlərində yol verdikləri nöqsanlara görə 5 nəfər tutduğu vəzifədən azad edilib, 34 nəfərə töhmət verilib, 33 nəfərə xəbərdarlıq edilib. Şamaxı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparılan araşdırmalarda iştirak edən komissiya üzvləri Adil Həsənov və Elnur Əkbərov vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdıqları üçün vəzifələrindən azad ediliblər. Nazirlik həmin mərkəzdə təkrar araşdırma aparıb. Ən ciddi nöqsanlar Sabunçu, Şamaxı və Laçın rayon mərkəzlərində aşkarlanıb.

N. Qasımov bildirib ki, ümumilikdə son 2 il ərzində aparılan araşdırmalar nəticəsində 150 min manata yaxın artıq ödəmə aşkar edilib, həmin vəsait təqsirkar şəxslər tərəfindən geri qaytarılıb, 13 nəfər tutduğu vəzifədən azad edilib, 112 nəfərə isə töhmət verilib. Nöqsanların aradan qaldırılması üçün mərkəz direktorlarına müvafiq tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR