Bank Of Baku

Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb
# 17 fevral 2009 10:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevralın I ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi qeydə alınıb. Kürün Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenol və mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-i keçib.
Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olub.
Monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Belə ki, suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə, mis birləşmələri isə Horadiz və Bəhramtəpə məntəqələrində 3, I Şahsevən məntəqəsində isə 4 dəfə YVQH-i keçib. Həmin məntəqələrdə neft məhsullarının miqdarının 1,2-1,4 dəfə YVQH-i keçməsi müşahidə olunub. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,63-9,78 mq/l arasında dəyişərək sanitar norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR