Bank Of Baku

“Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

“Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb
# 24 fevral 2009 15:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, sənəd haqqında parlamentin Sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli məlumat verib. Komissiya sədri deyib ki, Əmək Məcəlləsinin 44 maddəsinə əlavə və dəyişiklik təklif edilir və bu dəyişikliklər işçilərin və işəgötürənlərin mənafeyi baxımından mühüm əhəmiyyət kəsb edir: “Təklif olunan dəyişikliklərə əsasən hərbi xidmətdən qayıdan şəxslərin əvvəlki iş yerlərinə bərpa olunmaq hüququ tanınır. Bundan başqa, mövsümi işlərlə məşğul olan işçilərə də hər ay üçün iki təqvim günü müddətində məzuniyyət hüququ verilir. Analıq məzuniyyəti 180 gündən 250 günədək artırılır. Eyni zamanda, 41 dərəcədən yuxarı temperatur qeydə alınanda iş günləri ləğv edilir”.

Müzakirələr zamanı çıxış edən Rəfail Cəbrayılov Əmək Məcəlləsinə təklif olunan əlavə və dəyişikliyin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, bu dəyişikliklər insan hüquqlarının qorunmasına xidmət edir. Qüdrət Həsənquliyev işçilərin istifadə etmədikləri məzuniyyət gününə görə əmək haqlarının tutulmasını ədalətsiz hal hesab etdiyini deyib və bunun aradan qaldırılmasını istəyib. Səttar Mehbalıyev ölkənin iri müəssisələrində kütləvi ixtisarların baş verməməsi üçün dövlətin həmin təşkilatlara güzəştli kreditlər verməsini vacib hesab edib. Müzakirələrdən sonra layihə qəbul olunub.

İclasda həmçinin “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun tətbiqinə dair Əsasnaməyə və digər qanunvericilik aktlarına əlavə və dəyişikliklər də təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR