Bank Of Baku

Bu gün Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günüdür

Bu gün Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günüdür
# 17 iyun 2009 11:54 (UTC +04:00)
Bakı-APA. BMT Bas Assambleyasının qərarı ilə 17 iyun tarixi Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü elan olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan ölkənin ekoloji durumunun yaxşılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998-ci il aprelin 24-də "Səhralaşmaya qarşı mübarizə" beynəlxalq konvensiyasına qoşulub. Azərbaycanda 3,7 milyon hektar ərazi eroziyaya, 1,2 milyon hektara qədər torpaq isə şoranlaşmaya məruz qalıb. Bundan başqa təxminən 300 kvadrat kilometr ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb. Torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır. Bundan başqa 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir ki, bu da Azərbaycan ərazisində meşələrin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə səbəb olur.

ETSN-dən bildiriblər ki, ümumilikdə hər il ölkə ərazisində 10 min hektardan artıq meşə-bərpa işləri aparılır. Ötən müddət ərzində bu Konvensiyanın Azərbaycanda həyata keçirilməsi üzrə 3 milli məruzə hazırlanıb, respublikanın müxtəlif bölgələrində Konvensiyanın məqsədləri barədə seminarlar keçirilib, problemə dair müvafiq bukletlər, məlumatlar dərc olunub. Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə 2003-2009-cu illərdə respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478 min hektardan (4,5 %) 778464,7 hektara çatdırılmışdır ki, bu da ölkə ərazisinin təqribən 9 faizini təşkil edir. BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin və Qlobal Ekoloji Fondun texniki yardımı əsasında 2006-cı ildən həyata keçirilən “Torpaqdan birgə və davamlı istifadə üçün potensialın yaradılması” layihəsi çərçivəsində Kürdəmir və Göygöl rayonlarında qış və yay otlaqlarının vəziyyəti öyrənilib və konkret olaraq Göy-göl rayonunda 200 hektar qış otlağı bərpa olunub. Bundan başqa prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu il aprelin 22-də keçirilmiş iclasında Abşeron yarımadasında 3 milyon ağacın əkilməsi barədə tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR