Bank Of Baku

Mahmud Kərimov: “Səhiyyə və kənd təsərrüfatı nazirliklərinin nəzdində fəaliyyət göstərən bəzi institutların akademiyanın tabeliyinə keçməsini təklif edəcəyik”

Mahmud Kərimov: “Səhiyyə və kənd təsərrüfatı nazirliklərinin nəzdində fəaliyyət göstərən bəzi institutların akademiyanın tabeliyinə keçməsini təklif edəcəyik”
# 18 iyun 2009 08:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın reallaşdırılması ilə bağlı qərar layihəsi hazırlanıb. Bu barədə APA-ya Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi üzrə əlaqələndirici orqan olan AMEA-nın prezidenti Mahmud Kərimov məlumat verib. O bildirib ki, qərar layihəsi AMEA Rəyasət Heyətində müzakirə olunacaq: “Layihədə hansı işlərin görüləcəyi və bu işlərin kimə tapşırılacağı əks olunub. Bununla əlaqədar AMEA-da komissiyalar və işçi qruplar yaradılıb. Bu qruplar və komissiyalar bənd-bənd strategiya ilə bağlı hansı məsələlər həll olunmalıdırsa, onlar haqqında öz təkliflərini və tövsiyələrini hazırlayıb təqdim etməlidirlər. Bəzi normativ aktlar, sənədlər, qanun layihələri də hazırlanmalıdır. O sənədlər üzərində də artıq iş başlayıb”.

M. Kərimovun sözlərinə görə, sənəddə əsas bəndlərdən biri elmi müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlıdır: “Azərbaycan elminin infrastrukturu tam öyrənilməlidir. Biz hələ bu işə başlamamışıq. Hər bir elmi tədqiqat institutunun kadr potensialı, elmi nəticələri təhlil olunmalıdır və onun əsasında institutun gələcək taleyi ilə bağlı tövsiyələr hazırlanmalıdır. İlin axırına qədər biz bu prosesi yekunlaşdıra bilərik. Hazırda akademiyada iki yeni bölmə yaradılıb: aqrar elmlər və tibb elmləri bölmələri. Səhiyyə və kənd təsərrüfatı nazirlikləri ilə də məsləhətləşmələr aparılacaq. Onların nəzdində fəaliyyət göstərən bəzi institutların akademiyanın tabeliyinə keçməsini təklif edəcəyik. Bu, elmi müəssisələrin fəaliyyətinin daha yaxşı əlaqələndirilməsinə kömək edəcək”.

M. Kərimov bu ayın sonunda UNESCO ekspertlərinin Azərbaycana gələcəyini söyləyib: “Onlar elm sahəsində aparılacaq islahatlara dair tövsiyələr verəcəklər. Ekspertlər əvvəlcə elmin indiki durumunu, mövcud vəziyyəti öyrənəcəklər, sonra isə hesabat hazırlayıb bizimlə müzakirə edəcəklər. Daha sonra ekspertlər təkliflərini hazırlayıb bizim hökumətə təqdim edəcəklər”.

M. Kərimov hələlik AMEA-da ixtisarların nəzərdə tutulmadığını vurğulayıb: “İxtisarların aparılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Hazırda ixtisar məsələsini tənzimləyən hüquqi sənəd yoxdur. Attestasiya yolu ilə işçiləri ixtisar etmək olmaz, yalnız bir vəzifədən digər vəzifəyə keçirmək olar. İxtisarlarla bağlı Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişiklik edilməli və bu səlahiyyət bizə verilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR