Bank Of Baku

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək ən yaşlı bakalavrın 41 yaşı var

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək ən yaşlı bakalavrın 41 yaşı var
# 19 iyun 2009 09:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ali məktəblərinin magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi iyunun 21-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. APA-nın məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bildirib. Onun sözlərinə görə, bu il ölkənin 33 ali məktəbinin magistr pilləsinə qəbul aparılır. Onlardan 24-ü dövlət, 9-u isə özəl ali məktəblərdir. Cari ildə ümumi qəbul planı 5168 yerdən ibarətdir. Azərbaycan bölməsi üzrə 3720 yer, rus bölməsi üzrə 753 yer, birgə müsabiqə aparılan ixtisaslar üzrə isə 695 yer ayrılıb. N. Babayevin sözlərinə görə, imtahanda iştirak etmək üçün bakalavrlar iyunun 8-dən 13-dək TQDK-nın "Bakalavrın elektron ixtisas seçimi ərizəsi" formasına daxil olaraq qəbul proqramını və ixtisasların kodlarını seçərək təsdiq ediblər. Magistratura pilləsinə mayın 3-də keçirilmiş imtahanda müsabiqə şərtlərini ödəyən (ümumi balı 50-dən, məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika və xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan) 6383 bakalavrdan 6148 nəfəri "Bakalavrın elektron ixtisas seçimi ərizəsi" formasına daxil olaraq təsdiq ediblər. Sənəd verənlərdən 5144 nəfəri Azərbaycan bölməsinin, 1004 nəfəri isə rus bölməsinin məzunudur. Onlardan 2991 nəfərini oğlanlar, 3157 nəfərini isə qızlar təşkil edir. 4227 nəfər ali məktəblərin builki, 1921 nəfər əvvəlki illərin məzunudur. Bakalavrlardan 45 nəfəri xarici ölkə vətəndaşıdır. 523 bakalavr ali məktəbləri fərqlənmə diplomu ilə bitirib. Ən yaşlı bakalavr 1968-ci il, ən gənci isə 1990-cu il təvəllüdlüdür. N. Babayev bildirib ki, ikinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR