Bank Of Baku

“Azərbaycan dili” imtahanından “məqbul” almayan rus bölməsinin abituriyentləri qəbul imtahanlarında iştirak hüququnu itirəcək

“Azərbaycan dili” imtahanından “məqbul” almayan rus bölməsinin abituriyentləri qəbul imtahanlarında iştirak hüququnu itirəcək
# 19 iyun 2009 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 21-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə Bakı və Naxçıvan şəhərlərində keçirəcəyi imtahanda 3516 abituriyentin iştirakı nəzərdə tutulur. APA-nın məlumatına görə, bunu TQDK sədrinin müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, rus bölməsi abituriyentlərinin 11 nəfəri Naxçıvan şəhərində imtahan verəcək. Abituriyentlərdən 1747 nəfəri qız, 1769 nəfəri isə oğlandır. Onlardan 1996 nəfəri cari ilin, 1520 nəfəri ötən illərin məzunlarıdır. 68 nəfər xarici ölkə vətəndaşıdır. İmtahan saat 11. 00-da başlayacaq. Bakı şəhərində imtahanlar Yasamal rayonu 225 saylı, Nəsimi rayonu 42 saylı, Binəqədi rayonu 135 saylı, Nərimanov rayonu 36, 47 və 258 saylı orta məktəblərdə keçiriləcək.

N. Babayevin sözlərinə görə, “Azərbaycan dili” fənni üzrə mayın 24-də keçirilmiş birinci imtahanda 10731 abituriyent iştirak edib. Onlardan 8549 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb. Qəbul qaydalarına əsasən həmin imtahanda “qeyri-məqbul” alan abituriyentlərə iyunun 21-də keçiriləcək “Azərbaycan dili” imtahanında təkrar iştirak imkanı verilir. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılacaq.

İmtahan 45 dəqiqə ərzində aparılacaq və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab bir balla qiymətləndiriləcək və səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 12-dən az olmamalıdır. N. Babayev xatırladıb ki, Azərbaycan dili imtahanından “məqbul” qiyməti almayan rus bölməsinin abituriyentləri 2009 -2010-cu tədris ili üçün ali məktəblərə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə keçiriləcək qəbul imtahanlarında iştirak hüququnu itirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR