Bank Of Baku

Misir Mərdanov: “Yeni qanunda Təhsil Nazirliyinin bütün təklifləri nəzərə alınıb”

Misir Mərdanov: “Yeni qanunda Təhsil Nazirliyinin bütün təklifləri nəzərə alınıb”
# 22 iyun 2009 11:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. ““Təhsil haqqında” qanun 15 illik müzakirələrdən sonra nəhayət ki, qəbul olundu. Təhsil Nazirliyinin bütün təklifləri qanunda nəzərə alınıb”. APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, qəbul edilən qanun çərçivə sənədidir və bundan sonra təhsilin bütün pillələri ilə bağlı qanunlar qəbul olunacaq. Nazir qanunda ali təhsilin bakalavr, magistr və doktorantura pillələrinin əsas götürüldüyünü söyləyərək doktoranturanın da öz növbəsində PHD doktor və elmlər doktoru pillələrindən ibarət olacağını söyləyib: “Bəzi mətbuat orqanlarında yazırlar ki, guya orta məktəbi qızıl və gümüş medalla bitirən şagirdlər ali məktəbə imtahansız qəbul olunacaq. Guya bu təklifi Təhsil Nazirliyi verib. Belə deyil. Qanunda bununla bağlı heç bir məqam yoxdur”.

Nazirin sözlərinə görə, beynəlxalq olimpiadalarda müvəffəqiyyət qazanmış şəxslərin ali məktəblərə birbaşa daxil olması məsələsi də mətbuatda yanlış yozulub: “Hazırda beynəlxalq olimpiadalar yalnız riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilir. Hər il uzaqbaşı 2-3 nəfər olimpiadada qalib ola bilər. Mən başa düşmürəm, əgər bizim şagirdimiz bu fənlər üzrə beynəlxalq olimpiadalarda yüksək nəticə göstərib, Azərbaycanı layiqincə təmsil edirsə və ali məktəblərə qəbul olunursa, Azərbaycan cəmiyyəti və jurnalistlər niyə narahat olur? Bu uşaqlar beynəlxalq hüquq və beynəlxalq münasibətlər kimi fakültələrə deyil, yalnız qalib gəldiyi fənnə uyğun fakültələrə daxil ola bilər. Hətta bəzi millət vəkilləri də böyük həyəcan keçirib deyirlər ki, guya bu zaman ədalət prinsipi pozulacaq. Mən şəxsən belə söhbətlərdən çox inciyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR