Bank Of Baku

ÜST Azərbaycana 10 mindən artıq insanın müalicəsi üçün “donuz qripi” əleyhinə preparat verib

ÜST Azərbaycana 10 mindən artıq insanın müalicəsi üçün “donuz qripi” əleyhinə preparat verib
# 23 iyun 2009 10:52 (UTC +04:00)
APA-nın məlumatına görə, seminarda çıxış edən ÜST-ün proqram üzrə koordinatoru Elxan Qasımov bildirib ki, virus ilk dəfə bu il aprelin 24-də ABŞ və Meksikada qeydə alınıb: “Artıq aprelin 25-dən ÜST baş direktoru virusla bağlı beynəlxalq təhlükə olduğunu elan edib. Aprelin 27-dən ÜST pandemiya təhlükəsi səviyyəsini faza 3-dən faza 4-ə qaldırdı. Bu o demək idi ki, hər hansı ölkədə insandan-insana asan və davamlı yoluxma başlayıb. Aprelin 29-da ÜST pandemiya səviyyəsini faza 5-ə qaldırdığını elan etdi. Bu o deməkdir ki, bir regionda ən azı iki ölkədə insandan-insana asan və davamlı yoluxma gedir. İyunun 11-dən isə ÜST pandemiya səviyyəsini faza 6-ya qaldırdı. Bu isə pandemiyanın başlanması deməkdir”.

E. Qasımovun sözlərinə görə, əgər mayın 3-də bütün dünya üzrə A/H1N1 virusu ilə bağlı 787 hadisə, 20 ölüm qeydə alınmışdısa, iyunun 22-nə olan məlumata görə, 52160 hadisə, 231 ölüm qeydə alınıb: “Bu isə artıq bütün ölkələrdə xəstəliklə bağlı maarifləndirici tədbirlərin aparılmasını zəruri edir. Təsadüfi deyil ki, virusa yoluxmuş bütün xəstələr 60 yaşdan aşağı, tam əksəriyyəti isə 20 yaşdan yuxarıdır. Virusun bəzi xüsusiyyətləri də artıq məlumdur. İnsandan-insana yoluxma mövsümi qripin yoluxması kimi baş verir. İnkubasiya dövrü 1-7 gündür. Yoluxucu dövr simptomların başlanmasından 24 saat əvvəl, kliniki əlamətlərin davam etdiyi bütün dövr və xəstəlik baş verəndən 5 gün ərzində hesab edilir. Uşaqlarda isə yoluxucu dövr 2 həftədir”.

E. Qasımov bildirib ki, A/H1N1 virusunun insanlara hazırlanmış donuz əti və donuz məhsullarının istifadəsi vasitəsilə yoluxması faktı məlum deyil: “Hamı bu virusa “donuz qripi” deyir. Bu isə onunla bağlıdır ki, xəstəlik ilk aşkara çıxanda onun genetik analizi “donuz qripi”nə bənzərliyini göstərirdi. Lakin virusa ilk yoluxma hadisələri də donuzlardan insanlara keçməyib”.

ÜST nümayəndəsinin sözlərinə görə, hazırda virus əleyhinə peyvənd mövcud deyil. Lakin artıq ÜST A/H1N1 əleyhinə peyvəndin hazırlanması istiqamətində peyvənd istehsalçıları ilə əməkdaşlıq edir. Peyvəndin istehsalı isə təxminən 4-6 ay ərzində mümkün olacaq.

Hələlik virusa təsir edən əsas dərmanlar Oseltamivir (Tamiflu) və Zanamivirdir (Relenza). E. Qasımov deyib ki, ÜST virusa qarşı mübarizə ilə bağlı Azərbaycanla əmək edir, ÜST-ün məlumat və tövsiyələri dərhal Azərbaycan dilini tərcümə olunaraq yayılır.

ÜST Azərbaycan hökumətinə 10 mindən artıq insanın müalicəsi üçün Tamiflu preparatı, 1000 testin aparılması üçün müvafiq laborator reagentlər təqdim edib: “Virusdan qorunmaq üçün xəstə görünən, hərarəti olan, öskürən şəxslərlə təmasda olmamaq, tez-tez əlləri yumaq, sağlam həyat tərzi keçirmək, kifayət qədər yatmaq, yaxşı qidalanmaq və fiziki aktivlik lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR