Bank Of Baku

“Xalid Səid Xocayev – şəhid türkşünas” kitabının təqdimatı keçirilib

“Xalid Səid Xocayev – şəhid türkşünas” kitabının təqdimatı keçirilib
# 07 oktyabr 2009 13:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Atatürk Mərkəzində Azər Turanın müəllifi olduğu “Xalid Səid Xocayev – şəhid türkşünas” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub müəllifi təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb: “Azər Turan bütün türk dünyasında sevilən və hörmət edilən müəllifdir. O, imza atdığı bütün layihələrdə islamçılıqla türkçülüyü birləşdirir. Azər Turanın yaradıcılığında iki böyük zirvə var: Əli bəy Hüseynzadə və Hüseyn Cavid. Azərin müəllifliyi ilə Hüseyn Cavid haqqında 8 kitab işıq üzü görüb”.

Müəllif isə bildirib ki, Xalid Səid Xocayev Azərbaycan türkologiyasında nadir şəxsiyyətlərdən biridir: “O, nəinki Azərbaycanda, bütün türk dünyasında Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin ilk tərcüməçisi olub. Özbək türkü olsa da, Bakıda fəaliyyət göstərib. Təəssüf ki, 1937-ci ildə Xalid Səid Xocayev həbs olunduqdan sonra Mahmud Kaşğari divanının 1500 səhifəlik əlyazması NKVD tərəfindən müsadirə olunub və bu günə kimi də həmin əlyazmanın taleyi qaranlıq qalır. Xalid Səid Xocayev fikir tariximizə xidmət göstərmiş nadir şəxsiyyətlərdən biri olsa da, təəssüf ki, mənim qələmə aldığım kitab Azərbaycanda onun haqqında yazılmış ilk kitabdır. Onun haqqında Azərbaycanın böyük alimlərinin, dilçilərinin söz deməsinə həmişəkindən daha çox ehtiyac duyulur”.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, dünya şöhrətli ürək həkimi Cavad Heyət, Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu və başqaları çıxış edərək müəllifə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, kitabın məsləhətçisi millət vəkili Qənirə Paşayeva, rəyçisi isə professor Kamil Vəli Nərimanoğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR