Bank Of Baku

Sumqayıt şəhər rəhbərliyi ictimaiyyətlə internet forum vasitəsilə ünsiyyət quracaq

Sumqayıt şəhər rəhbərliyi ictimaiyyətlə internet forum vasitəsilə ünsiyyət quracaq
# 08 oktyabr 2009 09:03 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Sumqayıt şəhər İcra Hakimiyyəti ictimaiyyətlə əlaqələrin təşkili və informasiya texnologiyalarının inkişafı sahəsində növbəti layihəyə start verib.

Sumqayıt ŞİH başçısının müşaviri Teymur Vəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, oktyabr ayından etibarən Sumqayıtın rəhbər şəxsləri ilə şəhər sakinləri və ümumilikdə ictimaiyyət arasında birbaşa elektron əlaqənin təşkili və şəffaf ünsiyyət sisteminin yaradılması məqsədilə müntəzəm internet-forumlar təşkil ediləcək. Hər ay forumda şəhərin rəhbər şəxsləri, Sumqayıtın idarə, müəssisə və təşkilat rəhbərləri qonaq qismində iştirak edəcək və onlara ünvanlanmış sualları cavablandıracaqlar.

Forumun ilk qonağı Sumqayıt ŞİH-in başçısı Vaqif Əliyevdir. Artıq bütün maraqlananlar www.sumqayit-ih.gov.az və www.sumqayitxeber.com internet səhifələrində yerləşdirilmiş keçid vasitəsilə forumun qonağına öz suallarını göndərə bilərlər.

Layihəyə texniki dəstəyi Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası göstərir.

Xatırladaq ki, yerli icra hakimiyyətləri arasında Azərbaycanda ilk internet səhifə 2004-cü ildə məhz Sumqayıtda yaradılıb, şəhər rəhbərliyinin vətəndaşlarla elektron poçt vasitəsilə ünsiyyəti təmin edilib. Saytda yerləşdirilən xəbərlər daim yenilənməklə şəhər sakinlərinin və mətbu orqanların informasiya mənbəyinə çevrilib. 2008-ci ildə isə ŞİH aparatında sənədlərin elektron dövriyyəsi sistemi istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR