Bank Of Baku

Məleykə Abbaszadə: “Azərbaycan cəmiyyəti müğənniləri kifayət qədər tanıyır, qəbul imtahanlarında yüksək nəticə göstərənləri yox...”

Məleykə Abbaszadə: “Azərbaycan cəmiyyəti müğənniləri kifayət qədər tanıyır, qəbul imtahanlarında yüksək nəticə göstərənləri yox...”
# 13 noyabr 2009 11:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “2009-2010-cu tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında 110 minə yaxın abituriyent iştirak edib. Onlardan 996 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayıb. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəbul imtahanlarında 600-dən yuxarı baş toplamış gənclərə həsr olunmuş “Abituriyent” jurnalının 11-ci sayının təqdimatı zamanı bildirib. Onun sözlərinə görə, qəbul imtahanlarında yüksək nəticə göstərənlər bütün şəhər və rayonları, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər.

Onlardan 670 nəfəri şəhər, 326 nəfəri rayon və kənd məktəblərinin məzunudur. M. Abbaszadənin sözlərinə görə, 600-dən yuxarı bal toplayanlar arasında mülki ali məktəblərlə yanaşı, Milli Təhlükəsizlik Nazirliyinin H. Əliyev adına Akademiyasına (4 nəfər) və Polis Akademiyasına (6 nəfər) daxil olanlar da var. Yüksək nəticə göstərənlər I qrupda (texniki və təbiət elmləri üzrə ixtisaslar) 164, II qrupda (iqtisadiyyat üzrə ixtisaslar) 218, III qrupda (humanitar ixtisaslar) 391, IV qrupda (tibb ixtisasları) 223 nəfərdir.

Qəbul imtahanlarında 2 nəfər maksimal nəticə – 700 bal toplayıb. Onların hər ikisi III ixtisas qrupunun abituriyentidir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 4 abituriyent Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olub. Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən və namizədliyi TQDK tərəfindən Prezident təqaüdünə təqdim edilən 102 gəncə ölkə prezidentinin sərəncamı ilə təqaüd təyin edilib.

Onların 29-u Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 25-i Azərbaycan Tibb Universitetinin, 18-i Bakı Dövlət Universitetinin, 12-si "Qafqaz" Universitetinin, 9-u Azərbaycan Dövlət Neft Akademiyasının, 6-sı Azərbaycan Dövlət İqtisad Universitetinin, 2-si Xəzər Universitetinin, 1-i isə Naxçıvan Dövlət Universitetinin tələbəsidir.

TQDK sədri mətbuat orqanlarını qəbul imtahanlarında yüksək bal toplayan abituriyentləri lazımi qaydada təbliğ etməməkdə qınayıb :”Bu gənclər ictimaiyyətə təqdim edilməli, onlar haqqında oçerklər yazılmalıdır. Azərbaycan cəmiyyəti müğənniləri, onların şəxsi həyatlarını, idmançıları kifayət qədər tanıyır, ölkənin əsas intellektual potensialı olan qəbul imtahanlarında yüksək nəticə göstərənləri isə yox...”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR