Bank Of Baku

Azərbaycanlı professorun rəhbərlik etdiyi Tailanddakı Asiya Texnoloji Universitetinin Qazaxıstan filialı açılacaq

Azərbaycanlı professorun rəhbərlik etdiyi Tailanddakı Asiya Texnoloji Universitetinin Qazaxıstan filialı açılacaq
# 16 noyabr 2009 09:07 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Tailandın paytaxtı Banqkok şəhərindəki Asiya Texnoloji Universitetinin rektoru, əslən Azərbaycanın güneyindən olan Səid İrandost universitetin Qazaxıstan filialını açmaq üçün Astanaya gedib. Gələn il sentyabrın 1-də fəaliyyətə başlayacağı gözlənilən “Yeni Astana Universiteti” Açıq Səhmdar Cəmiyyəti ilə Memorandum imzalayan S. İrandost imzalanma mərasimindən sonra APA-nın Qazaxıstandakı müxbirinə eksklüziv açıqlama verib.

S. İraqndost 1960-cı ildə Təbriz şəhərində dünyaya gəldiyini, 19 yaşında ailəsi ilə birlikdə İsveçrəyə köçdüyünü deyib: “Kimya, fizika və riyaziyyat elmlərinə marağıma görə İsveçrədəki Calmers Texnoloji Universitetinə daxil oldum. Təhsilimi başa vurduqdan sonra elə həmin universitetdə 2000-ci ilə qədər professor və universitetin vitse-prezidenti vəzifəsinə qədər yüksəldim. Dünyanın bir çox aparıcı universitetlərinin və akademiyalarının fəxri üzvüyəm. 2005-ci ildən Banqkokdakı Asiya Texnoloji Universitetinin prezidentiyəm”.

Professor bu illər ərzində Azərbaycan türkcəsini unutmayıb: “Ana dilini unutmaq olarmı? Bizim üçün dil çox önəmlidir. İki qızım var. Həyat yoldaşım finlandiyalıdır. Lakin qızlarım ana dilimizi çox gözəl bilir, anaları isə dilimizi başa düşür. Harada olursaq olaq, azərbaycanlı olduğumuzu yaddan çıxarmamalıyıq. Ana dilimizdə danışan bir şəxs görəndə ürəyim dünya boyda sevinclə dolur”.

Səid bəy son 30 ildə cəmi bir dəfə Təbrizdə olduğunu, lakin Bakıya bir neçə dəfə gəldiyini söyləyib: “Bakı da, Təbriz də vətəndir - Azərbaycandır. Siyasət və sərhədlər sevən ürəklərdən sevgini çıxara bilməz”.

Qeyd edək ki, Asiya Texnoloji Universitetini dünyanın 19 ölkəsindəki təşkilatlar və cəmiyyətlər maliyyələşdirir. S. İrandostun rəhbərliyi altında 650 alim, professor heyəti və inzibati işçi çalışır. Elm ocağında 2000-dən çox tələbə təhsil alır. Professor S. İrandost ümid edir ki, Azərbaycan da onun rəhbərlik etdiyi universitetlə əlaqələrə maraq göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR