Bank Of Baku

Azərbaycanda pensiyaçıların 65%-i pensiyanı yaşa görə alır

Azərbaycanda pensiyaçıların 65%-i pensiyanı yaşa görə alır
# 16 noyabr 2009 09:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il oktyabr ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sosial müdafiəsi orqanlarının qeydiyyatında olan 1 298,9 min nəfər pensiyaçının 65%-i yaşa görə, 24%-i əlilliyə görə, 11%-i ailə başçısının itirilməsinə görə pensiya alıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, pensiyaçıların ümumi sayından 1,4%-ni cari ilin 9 ayı ərzində ilk dəfə qeydiyyata alınmış və pensiya təyin olunmuş şəxslər təşkil edib. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 99,93 manat olub və orta aylıq əmək haqqının 34%-ni təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, cari ilin oktyabr ayının 1-i vəziyyətinə 291,3 min nəfər sosial müavinət alıb. Yaşa görə müavinət alanların sayı 17,8 min nəfər, əlilliyə görə 92,2 min nəfər, ailə başçısının itirilməsinə görə 31,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58,4 min nəfər olub. Əmək pensiyasını almaq hüququ olmayan 55,9 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə aylıq müavinət təyin edilib.

Bununla yanaşı, 11,5 min ailədə olan 22,4 min uşağa müavinət təyin olunub. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl qəzası əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 991 nəfər qəyyumlarına müavinət təyin olunub. Bundan əlavə, 77,2 min nəfərə, o cümlədən 70,9 min uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş 4,9 min şəxsin müalicəsi üçün birdəfəlik müavinət verilib.

Bundan başqa, ölkə qarşısında xüsusi xidmətlər göstərmiş 32,6 min nəfər təqaüd alıb.

Cari il oktyabr ayının 1-i vəziyyətinə ölkədə 151,6 min ailənin 691,1 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb, 1 nəfərə düşən orta aylıq məbləğ 23,43 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR