Bank Of Baku

Sumqayıtın 60 illik yubileyi təntənəli şəkildə qeyd edilib

Sumqayıtın 60 illik yubileyi təntənəli şəkildə qeyd edilib
# 19 noyabr 2009 08:12 (UTC +04:00)
Bakı – APA. Sumqayıtın 60 illik yubileyi ilə bağlı noyabrın 18-də “Şəhər günü” münasibətilə təntənəli bayram tədbirləri həyata keçirilib. Bayram tədbirlərində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, saat 11.00-da tədbir iştirakçıları Heydər Əliyev abidəsini ziyarət ediblər.

Şəhərin ayrı-ayrı hissələrində – 3-cü mikrorayon ərazisindəki Fəvvarələr meydanında, Göyərçin meydanında, “Lüdviqshafen” parkında və “Qarabağ” kinoteatrının qarşısındakı parkda konsert proqramları təşkil edilib.

Saat 12.00-da Heydər Parkında şəhər gəzintisi olub, burada 80 müəssisənin iştirakı ilə geniş sərgiyə baxış keçirilib. Parkda Hüseyn Ərəblinski adına Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən səhnələşdirilmiş kompozisiya nümayiş etdirilib. Sumqayıtın ilk qurucuları – “Şöhrət” ordenli Gülbahar Vəliyeva və Prezident təqaüdçüsü Dadaş Dadaşov Vaqif Əliyevə Sumqayıtın rəmzi açarını təqdim ediblər.

Parkda təşkil edilmiş bayram şənliyində çıxış edən V.Əliyev Sumqayıtın inkişafında Heydər Əliyevin rolunu xüsusi vurğulayıb, prezident İlham Əliyevə Sumqayıta və onun sakinlərinə göstərdiyi diqqət və qayğıya görə sumqayıtlılar adından minnətdarlığını bildirib. O, şəhər sakinlərini yubiley münasibətilə təbrik edib. Sonda sakinlər uzunluğu 5, eni 4 metrə çatan nəhəng bayram tortundan dadıb, Bülbül adına incəsənət məktəbinin müəllim və şagird kollektivi tərəfindən hazırlanmış konsert proqramını izləyiblər.

Günün əsas rəsmi mərasimi saat 16.00-da S.Vurğun adına Mədəniyyət Sarayında baş tutub. Burada şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və qonaqların iştirakı ilə təntənəli iclas keçirilib. Əvvəlcə qonaqlar Mədəniyyət Sarayının foyesində təşkil edilmiş şəhərin inkişafının əsas mərhələlərindən bəhs edən fotosərgi ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iclasda ilk olaraq Sumqayıtın tarixini əks etdirən sənədli film nümayiş etdirilib. Daha sonra çıxış edən Vaqif Əliyev mərasim iştirakçılarına son illər ərzində şəhərdə görülmüş irimiqyaslı işlər barədə ətraflı məlumat verib, prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan 65 nəfərin respublikanın yüksək mükafatları - 6 nəfərin “Şöhrət” ordeni, 41 nəfərin “Tərəqqi” medalı ilə təltif edildiyini, 13 nəfərə fəxri adlar, 5 nəfərə isə prezidentin fərdi təqaüdünün verildiyini vurğulayıb.

Sonda çıxış edən əməkdar incəsənət xadimi Əşrəf Veysəlli, “Şöhrət” ordenli Ofeliya Babayeva, prezident təqaüdçüsü Zərifə Təhməzova, əməkdar həkim Mail Tağıyev şəhərdə aparılmış abadlıq və yenidənqurma işlərinə, sumqayıtlılara göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə və eləcə də şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Saat 17.00-da isə S.Vurğun adına Mədəniyyət Sarayının qarşısındakı meydanda respublikamızın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub. “Şəhər günü” tədbirlərinə atəşfəşanlıqla yekun vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR