Bank Of Baku

Bakıda sosial müdafiə sahəsində strateji planlaşdırma mövzusunda seminar keçirilib

Bakıda sosial müdafiə sahəsində strateji planlaşdırma mövzusunda seminar keçirilib
# 19 noyabr 2009 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Avropa Qonşuluq Siyasətinə müvafiq olaraq Azərbaycanda «Twining» layihələrinin hazırlanması ilə bağlı həyata keçirilən fəaliyyət çərçivəsində Avropa Komissiyası ilə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə «Sosial müdafiə sahəsində məlumatın təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Rizvan Əliyev qeyd edib ki, layihə çərçivəsində bir çox ölkələrlə əməkdaşlıq nəzərdə tutulub. Bundan başqa, yeni texnologiyanın Azərbaycanda tətbiqi, həmçinin kadr potensialının artırılması istiqamətində işlərin davam etdirilməsi planlaşdırılır: «Sosial müdafiə sahəsində kadr potensialının artırılmasına dair işlərə başlanılıb ki, artıq bir sıra kadr üçün xaricdə təkmilləşdirmə kursları keçirilib və bu istiqamətdə işlər davam etdirilir».

R.Əliyev onu da qeyd edib ki, Azərbaycan «Twining» layihəsi çərçivəsində sosial müdafiə sahəsində müsbət irəlləyişlərə nail ola biləcək. Belə ki, bu layihə çərçivəsində dövlət sosial büdcənin tərtibi mexanizminin seçilməsi, məlumatın təhlili, aktual hesablamalar, proqnozlaşdırma və bir sıra digər islahatlar nəzərdə tutulub.

Ölkənin sosial müdafiəsi sahəsinin inkişafından danışan R.Əliyev onu da bildirib ki, son iki il ərzində Azərbaycanda 31 sosial müdafiəsi mərkəzi yaradılıb və 39-u təmir olunub: «Yaxın gələcəkdə Azərbaycanda şəhid ailələri, əlillər və ehtiyacı olanlar üçün 707 mənzil təqdim olunacaq ki, artıq bunun 30%-i təhvil verilib».

Qeyd edək ki, seminarda Almaniya Əmək və Sosial Məsəsələr üzrə Federal Nazirliyinin gəlir və sərvətin bölüşdürülməsi, sosial göstəricilər şöbəsinin müdir müavini Bieber Ulrix və Danimarkanın Roskild Universitetinin sərvətin dövlət təhlili üzrə professoru Qrev Bent təqdimatlarla çıxış ediblər.

Seminarın əsas məqsədi sosial müdafiə sahəsində məlumatın təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahəsində qabaqcıl Avropa ölkələrinin təcrübəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin analitik və proqnozlaşdırma potensialının təkmilləşdirilməsi, məqsədlər və tədbirlər barədə mütəxəssislərin məlumatlandırılmasından ibarətdir.

Xatırladaq ki, seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadi İnkişaf, Maliyyə nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Avropa İttifaqının və digər qurumların nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR