Bank Of Baku

BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulunun 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulunun 20-ci ildönümü ilə bağlı tədbir keçirilib
# 19 noyabr 2009 09:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakıda BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisi, BMT-nin Uşaq Fondu, Azərbaycanın İnsan Haqları üzrə Müvəkkil Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisinin rəhbəri Envera Selimoviç Uşaq Hüquqları Konvensiyasının 1989-cu il noyabrın 20-də BMT Baş Assambleyasında qəbul olunduğunu xatırladıb. Qısa müddət ərzində BMT-yə üzv dövlətlərin əksəriyyəti bu sənədi imzalayıb. Azərbaycan isə 1992-ci ildə konvensiyaya qoşulub. E. Selimoviç BMT-yə üzv dövlətlərdən yalnız ABŞ və Somalinin bu konvensiyaya qoşulmadığını deyib.

Ombudsman Elmira Süleymanova isə uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlər və rəhbərlik etdiyi qurumun bu istiqamətdəki fəaliyyəti barədə danışıb: “Amma hələ də ağır risklər altında yaşayan uşaqlar çoxdur”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova noyabrın 20-də telekanallarda verilişlərin uşaqlar tərəfindən aparılması təşəbbüsü ilə çıxış edib: “Bizim əsas məqsədimiz uşaq hüquqlarının hər kəs tərəfindən dərk olunması və bu hüquqlara riayət edilməsidir. Amma bəzən ən kasıb ailədə uşaqların hüquqları qorunur, bunun əksinə olaraq bəzən sosial baxımdan tam təmin olunmuş ailədə uşaq hüquqları pozulur”.

Çıxışlardan sonra Ombudsman Aparatının “Uşaqları dinləyək, onların iştirakını təmin edək” devizi ilə uşaq hüquqları aylığı çərçivəsində təşkil etdiyi “Uşaq hüquqları hamı üçün” mövzusunda jurnalist yazıları və “Bizim hüquqlarımız” mövzusunda uşaq rəsmləri müsabiqələrinin qalibləri mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR