Bank Of Baku

Azərbaycanda Uşaqların I Forumu keçiriləcək

Azərbaycanda Uşaqların I Forumu keçiriləcək
# 19 noyabr 2009 11:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Noyabrın 23-24-də Azərbaycanda Uşaqların I Forumu keçiriləcək. APA-nın məlumatına görə, forum “NUR” Uşaq və Gənclərin İctimai birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq. Forumun hazırlığı ilə bağlı təşkilatçılar bu gün mətbuat konfransı keçirib. “NUR” Uşaq və Gənclərin İctimai birliyinin sədri Sevinc Muradova bildirib ki, əvvəlcə forumda 100 uşağın iştirak etməsi nəzərdə tutulub: “Lakin dövlət qurumları bu foruma yüksək maraq göstərdiyi üçün iştirakçıların sayı 250 nəfərə qədər artırılıb. Forumda respublikanın 56 rayon və şəhərini təmsil edən uşaqlar iştirak edəcək”. S. Muradovanın sözlərinə görə, forumun yalnız açılışı və bağlanışı dövlət rəsmiləri və media üçün açıq olacaq: “Forumun qapalı keçirilməsində məqsəd uşaqlara tam azadlıq vermək, onların sərbəst olmasını təmin etməkdir. Düşünürük ki, bu forumdan uşaqların öz dillərindən öz sözlərini, problemlərini eşitmək mümkün olacaq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, hər bir uşağın öz hüquqlarını bilməsi vacibdir: “Bizi xüsusilə düşündürür ki, bölgələrdə yaşayan uşaqların problemləri nələrdən ibarətdir. Ona görə də bölgə uşaqlarının problemlərini dinləmək istərdik”. S. Qəhrəmanova bildirib ki, uşaqların hüquqlarını qorunması hər bir vətəndaşın borcudur: “Amma bir sıra hallarda uşaqların hüquqlarının pozulması prosesi ailələrdən başlayır”.

Qeyd edək ki, forumun iştirakçıları arasında xüsusi qayğıya ehtiyacı olan, qaçqın və məcburi köçkün, müxtəlif xəstəliklərdən əziyyət çəkən, hemofiliyalı və əlilliyi olan uşaqlar üstünlük təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR