Bank Of Baku

“Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində islahatlar: irəliyə baxış” adlı konfrans keçirilib

“Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində islahatlar: irəliyə baxış” adlı konfrans keçirilib
# 19 noyabr 2009 11:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Avropa Şurasının təşkilatçılığı ilə “Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində islahatlar: irəliyə baxış” adlı konfrans keçirilib. APA-nın məlumatına görə, komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev deyib ki, korrupsiya ilə mübarizə sahəsində görülən tədbirlər səmərə verir və “Transparency İnternational” təşkilatının bu günlərdə açıqladığı rəqəmlər göstərir ki, Azərbaycanın reytinqi artıb: “Deməli, korrupsiya ilə mübarizə fayda verir”. O bildirib ki, bu sahədə Azərbaycan bir neçə beynəlxalq konvensiyaya qoşulub və milli qanunvericiliyə bu sənədlərin tələblərinə uyğun dəyişikliklər edilib: “Komissiya qeyri-hökumət təşkilatları, ekspertlər, beynəlxalq təşkilatlar, beynəlxalq ekspertlər, ictimaiyyətlə sıx əməkdaşlıq edərək korrupsiya ilə mübarizə strategiyası hazırlayıb. QHT-lərin apardığı sorğunun nəticələrinə əsasən əhalinin 77,5 faizi Prezident Administrasiyasının korrupsiyaya qarşı gördüyü tədbirləri dəstəkləyir. Lakin digər yüksək dövlət qurumları barədə əhalinin fikri bir o qədər də müsbət deyil”. B. Əliyev korrupsiya ilə mübarizədə medianın rolunun artdığına da diqqət çəkib. O, həmçinin korrupsiya reytinqinin siyasi təzyiq mexanizminə çevrilməsini pisləyib.

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bəyan edib ki, korrupsiya ilə mübarizə AŞ-nin prioritet məsələlərindən biridir və 47 üzv ölkənin də prioritet məsələsi olmalıdır. Diplomat deyib ki, Azərbaycanda korrupsiya ilə mübarizə strategiyasının həyata keçirilməsi hazırda ikinci mərhələdədir, AŞ və ABŞ-ın dəstəyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu layihə həyata keçirilir.

Respublika Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi Kamran Əliyev xatırladıb ki, GRECO (Avropa Şurası üzvü olan bir qrup ölkənin korrupsiya ilə mübarizəyə dair məruzəsi) çərçivəsində Azərbaycana korrupsiya ilə mübarizə üçün 27 tövsiyə verilib. 2007-ci ildə hazırlanmış hesabatda bildirilib ki, həmin tövsiyələrdən 10-u tam, 14-ü qismən yerinə yetirilib, 3-ü isə icra olunmayıb. K. Əliyev icra olunmamış tövsiyələrdən birinin artıq yerinə yetirildiyini açıqlayıb: “Bu, terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə bağlı mübarizə haqqında qanundur”. İdarə rəisinin sözlərinə görə, tövsiyələrdən biri də hüquqi şəxslərə qarşı cinayət məsuliyyəti müəyyən edilməsidir. K. Əliyev bu məsələ ilə bağlı məsləhətləşmələrin aparılmasına ehtiyac olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR