Bank Of Baku

Azərbaycan ərazisində “quş qripi” xəstəliyi ilə bağlı keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Azərbaycan ərazisində “quş qripi” xəstəliyi ilə bağlı keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
# 26 noyabr 2009 10:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində “quş qripi” xəstəliyi ilə bağlı keçirilən növbəti monitorinqin nəticələrini açıqlayıb. DBX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, noyabrın 16-dan keçirilən monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 18 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1772 baş ev quşunun qan nümunələri, eləcə də 8 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib: “Dövlət Baytarlıq Xidməti bildirir ki, müayinə edilmiş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib”.

Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də ölkənin dənizsahili zonalarında həyata keçirilib. Monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib.

Y. Xanvəli bildirib ki, DBX “quş qripi” xəstəliyinin köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq ölkə ərazisində monitorinqləri bundan sonra da davam etdirəcək. “Quş qripi” xəstəliyi ilə bağlı növbəti monitorinqin dekabrın 21-də başlaması nəzərdə tutulur: “DBX bir daha xatırladır ki, ev quşları qapalı şəraitdə saxlanılmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və ondan qida məhsulu kimi istifadə qadağandır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR