Bank Of Baku

İndiyədək Azərbaycanda 274 nəfər QİÇS xəstəliyindən dünyasını dəyişib

İndiyədək Azərbaycanda 274 nəfər QİÇS xəstəliyindən dünyasını dəyişib
# 01 dekabr 2009 10:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda ilk dəfə HİV/AİDS infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası təsdiq edilmiş 2224 nəfər qeydiyyatdan keçib. Onlardan 2138 nəfəri (96,1 faiz) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9 faiz) isə əcnəbidir”. APA-nın məlumatına görə, bu barədə 1 dekabr - Ümumdünya AİDS Günü ilə əlaqədar keçirilən mətbuat konfransında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova bildirib. Onun sözlərinə görə, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1799-u (84,1 faiz) kişi, 339-u (15,9 faiz) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 448, xəstəlikdən dünyasını dəyişmiş vətəndaşların sayı isə 274 nəfərdir.

H. Qədirova bildirib ki, Azərbaycan HİV yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən inyeksion narkotik istifadəçilər arasında yayılıb. Belə ki, bu ilin 11 ayı ərzində Azərbaycan vətəndaşları arasında HİV-ə yoluxma hallarının 63,2 faizi, ümumilikdə isə 1992-ci ildən bu ilin dekabrın 1-nə qədər olan dövrdə yoluxma hallarının 64,4 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Mərkəz direktorunun sözlərinə görə, 1992-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək 2138 HİV-ə yoluxmuş insandan 634-ü (29,7 faiz) Bakı və Abşeron rayonunda, 1465-i (68,5 faiz) ölkənin digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 39 nəfərin (1,8 faiz) yaşayış yeri naməlumdur. Şirvan, Hacıqabul, Lənkəran, Salyan, Astara, Xızı, Yevlax və Sumqayıtda HİV-ə yoluxmanın səviyyəsi daha yüksəkdir. 2138 nəfər Azərbaycan vətəndaşından 1376-da (64,4 faiz) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 495-də (23,2 faiz) heteroseksual, 16-da (0,17) isə homoseksual kontakt nəticəsində, 20-də (0,9 faiz) anadan uşağa keçməklə, 1-də (0,05 faiz) donor qanının köçürülməsi ilə baş verib. 230 nəfərdə (10,8 faiz) yoluxma yolu naməlumdur. 1992-ci ildən bu ilin dekabrın 1-dək Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeyd alınıb. Onlardan 18 ailədə ata-ana-uşaq, bir ailədə ana-uşaq, 166 ailədə ər-arvad, 547 ailədə yalnız kişi, 48 ailədə yalnız qadın yoluxub.

H. Qədirova deyib ki, son iki ildə Azərbaycanda 360 min nəfər insan HİV-ə qarşı müayinədən keçib: “Ölkədə məcburi qaydada yalnız qan donorları, laborator müayinə aparanlar HİV-ə qarşı yoxlamadan keçirilirlər. Hamilə qadınlar, HİV yoluxmuş insanlarla cinsi əlaqədə olanlar, inyeksion narkotik istifadəçiləri könüllü qaydada HİV-ə qarşı müayinədən keçməlidirlər. Hazırda hamilə qadınların yalnız 62 faizi HİV-ə qarşı müayinəyə cəlb olunur. Biz bu rəqəmi 95 faizə çatdırmaq istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR