Bank Of Baku

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb
# 03 dekabr 2009 06:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə noyabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının II ongünlüyünə nisbətən 18 m3/san azalaraq 204 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, “Şıxlı-2” məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 4 , mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddindən (YVQH) artıq olub.

Monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 220 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində mis birləşmələri və fenollar 3 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,52-6,55 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR