Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası 2010-cu il üçün qrant müsabiqəsi elan edib

QHT-lərə Dövlət Dəstəyi Şurası 2010-cu il üçün qrant müsabiqəsi elan edib
# 08 dekabr 2009 10:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan prezidenti yanında Qeyri Hökuməti Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası 2010-cu il üçün qrant müsabiqəsi elan edib. APA-nın məlumatına görə, şuranın sədri Azay Quliyev keçirdiyi mətbuat konfransında bildirib ki, bu gündən start verilən müsabiqə 2010-cu il yanvarın 15-dək davam edəcək. Müsabiqənin nəticələri martın 10-dan sonra açıqlanacaq.

A. Quliyev qrant müsabiqəsi üçün 7 istiqamət müəyyən etdiklərini açıqlayıb. Bunlar insan hüquqları və demokratiya (büdcəsi 90 min manat), Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması (75 min manat), Azərbaycanın dünya birliyinə inteqrasiyası (40 min manat), ətraf mühitin mühafizəsi (128 min manat), region QHT-lərinin dəstəklənməsi (205 min manat), təhsil və mədəniyyət (80 min manat), sosial və iqtisadi məsələlər (285 min manat) istiqamətləridir. 2010-cu il üçün qrant müsabiqəsinə ümumilikdə 903 min manat ayrılıb. Bir layihənin maliyyələşdirilməsi üçün maksimum 20 min manat nəzərdə tutulub.

A. Quliyevin sözlərinə görə, bu müsabiqədə əvvəlki müsabiqələrdən fərqli olaraq çap, film və saytların hazırlanması barədə layihələr üçün müəyyən şərtlər irəli sürüləcək. Şuranın layihəsi əsasında hazırlanmış saytlar minimum 2 il fəaliyyət göstərməli, film və çap məhsulları isə keyfiyyətli olmalıdır.

A. Quliyev söz azadlığı, mətbuatın inkişafı və elmlə bağlı layihələrin şura tərəfindən maliyyələşdirilməyəcəyini vurğulayıb. O, adıçəkilən sahələr üzrə dövlət fondlarının yaradıldığını xatırladaraq bu tipli layihələrin həmin fondlara təqdim olunmasını tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR