Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Noyabr ayında Azərbaycanda adambaşına minimum istehlak səbətinin dəyəri 130 manat təşkil edib

İqtisadi Tədqiqatlar Mərkəzi: Noyabr ayında Azərbaycanda adambaşına minimum istehlak səbətinin dəyəri 130 manat təşkil edib
# 08 dekabr 2009 13:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri «Alternativ inflyasiya səviyyəsinin hesablanması” proqramı üzrə Azərbaycanın 11 regionunda bu ilin noyabr ayında qeydə alınmış qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında istehlak səbətinin dəyərini hesablayıblar.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, hesablamalara əsasən noyabr ayında Azərbaycanda yaşayış minimumu adambaşına 137,55 manat təşkil edib. O cümlədən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 130 manat, pensiyaçılar üçün 120,11 manat, 0-15 yaşlı uşaqlar üçünsə 162,53 manat təşkil edib.

Noyabr ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 74,88 manat (oktyabrda 76,99 manat), pensiyaçılar 70,51 manat (oktyabrda 72,95 manat), 0-15 yaşlı uşaqların valideynləri isə 86,79 manat (oktyabrda 89,71 manat) xərcləməli olub. Göründüyü kimi, noyabrda əhalinin minimum ərzaq xərclərində əvvəlki aya nisbətən azalma qeydə alınıb.

İTM-in hesablamalarına görə, qeyd edilən dövrdə ərzaq məhsullarında bütövlükdə 0,60% qiymət artımı baş verib. Mərkəzin ekspertləri bu fərqi Nazirlər Kabineti tərəfindən minimum istehlak səbətinin tərkibinə daxil edilən və xüsusi çəkisi yüksək olan bir sıra ərzaq məhsullarının noyabr ayında ucuzlaşması (toyuq yumurtası 16,19%, süfrə duzu 4,83%) ilə izah edirlər. Səbətə daxil olmayan ərzaq məhsullarının qiymətinin daha çox bahalaşması (nar 46,33%, göyərti 18,71%, üzüm 13,50%) aylıq yekunda ərzaq məhsulları üzrə bütövlükdə 0,60% inflyasiyanın qeydə alınması ilə nəticələnib.

Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri oktyabra nisbətən artaraq işləyən əhali üçün 30,2 manat (oktyabrda 27,03 manat), pensiyaçılar üçün 27,34 manat (24,75 manat), 0-15 yaşlı uşaqlar üçün 58,27 manat (54,27 manat) təşkil edib. İstehlak səbətinə daxil olan xidmətlər üzrə artımların olmaması bu sahəyə çəkilən minimum xərclərin dəyişməz qalmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR