Bank Of Baku

Gədəbəy rayonunda 10 məktəb qəza vəziyyətində fəaliyyət göstərir - FOTOSESSİYA

Gədəbəy rayonunda 10 məktəb qəza vəziyyətində fəaliyyət göstərir - <font color=red>FOTOSESSİYA</font>
# 17 dekabr 2009 21:14 (UTC +04:00)
Gədəbəy. Ayxan Hüseynov - APA. Gədəbəy rayonunda ümumilikdə 86 məktəb fəaliyyət göstərir ki, bunların içərisində bəziləri artıq istifadə müddətini çoxdan başa vurub. APA-nın Qərb bürosunun araşdırmalarına əsasən, bu məktəb binalarında artıq əsaslı təmir işləri aparmaq deyil, yeni binaların tikilməsi daha məqsədəuyğundur.

Rayonun Zəhmət kənd orta məktəbi, Slavyanka kənd 2 saylı orta məktəbi, Samanlıq kənd məktəbi, İsalı kənd orta məktəbi və digər məktəblərini buna misal göstərmək olar.

Zəhmət kənd orta məktəbinin direktoru məktəbin vəziyyəti barədə məlumat verməsə də, onun müavini İsmayıl Məmmədov məktəb binasının bərbad vəziyyətdə olduğunu və çox çətin şəraitdə dərs keçdiklərini deyərək, məktəbin əsaslı təmirə və ya yeni məktəb binasına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, bu il Nazirlər Kabinetinin nümayəndələri məktəbə baş çəkiblər və yeni məktəb binasının tikintisini məqsədəuyğun sayıblar: “Bunun üçün müvafiq yer də ayrılıb. Lakin bu il tikintisi nəzərdə tutulmuş yeni məktəb binasının tikintisinə başlanılmayıb”.

Slavyanka kənd 2 saylı orta məktəbinin binası isə 3 köməkçi binalardan ibarətdir. Bu binalardan biri ərazidə torpaq sürüşməsi baş verdiyindən, bünövrəsindən çatlayaraq dərs keçmək üçün tamamilə yararsız vəziyyətə düşüb. 1898-ci ildə inşa edilmiş taxta binanın sinif otaqlarında tavan hissə çökmək təhlükəsi qarşısında olsa da, məcburiyyət üzündən bu binada hər gün dərs keçilir. 3-cü binanın divarlarında da dərin çatlar əmələ gəlib.

1983-cü ildən məktəb direktoru işləyən Firdovsi Süleymanovun sözlərinə görə, bu çatlar ildən ilə daha da böyüyərək, indi daha qorxulu və təhlükəli vəziyyət yaradıb: “Məktəb binasındakı çatlar ərazidə torpaq sürüşməsi prosesinin getməsindən irəli gəlir. Bu şəraitdə dərs keçməyimizə baxmayaraq, hər il 40-45 məzunumuzdan 10-12 nəfəri ali məktəblərinə daxil olur”.

Məsələyə münasibət bildirən Gədəbəy rayon Təhsil Şöbəsinin müdir müavini Firudin Həsənov APA-ya açıqlamasında rayonda 10 məktəbin əsaslı təmirə və yeni binalara ehtiyacı olduğunu bildirib: “Gədəbəy rayonunda ümumilikdə 86 məktəb var ki, onlardan 72-si tam təmir olunaraq istifadəyə verilib. Lakin Slavyanka kənd 2 saylı orta məktəbi, Zəhmət, İsalı, Salamlıq kənd və Qoşabulaq 1 saylı kənd məktəb binalarının əsaslı təmirə ehtiyacı var. Bunlardan Samanlıq və Qoşabulaq kənd orta məktəblərinin təmirə daha çox ehtiyacı var. Bu gün orda uşaqlara dərs keçmək qorxuludur. Çünki bu məktəblərin binaları qəza vəziyyətindədi”.

F.Həsənov adı çəkilən kənd məktəblərinin yeni binalarının tikintisinin və ya əsaslı təmir işlərinin 2010-cu ildə plana salınmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR