Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib
# 21 dekabr 2009 11:15 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda Dünya Bankının ekspertləri ilə birgə Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib.

APA-Economics”in məlumatına görə, görüş zamanı DSMF-nin sədri Səlim Müslümov Azərbaycanın sığorta-pensiya modeli haqda xarici nümayəndə heyətinə ətraflı məlumat təqdim edib.

O qeyd edib ki, son altı ildə ölkənin 70 yaxın regionunda DSMF-nin şöbələri yaradılıb və onlar avtomatlaşdırılmış iş yerləri ilə təmin edilib: “Fondun hər bir şöbəsində serverlər qurulub və sosial sığorta sistemi vasitəsilə əhaliyə xidmətlər göstərilir”.

S.Müslümov ölkədə fərdi uçot sistemi, sığorta-pensiya sistemində hüquqi və fiziki şəxslərin qeydiyyatı, sosial qanunvericilik və s. məsələlərlə də bağlı qonaqların suallarına cavab verib.

Əfqanıstan nümayəndə heyəti ilə birgə Azərbaycanda səfərdə olan Dünya Bankının eksperti Sanciv Şrivastva Əfqanıstanın sosial-sığorta sisteminin yaradılması üzrə layihənin 7,5 milyon dollar dəyərində olduğunu, ölkədə cəmi 100 min nəfərə sosial-sığorta xidmətlərinin göstərildiyini və pensiyaların 80%-nin dövlət tərəfindən təmin edildiyini bildirib: “Əfqanıstanda pensiyaların 4-5 dəfə artırmaq üçün münbit şərait yaratmaq məqsədilə son 6 ayda ölkənin sosial sahə üzrə qanunvericiliyində dəyişikliklər aparılıb, son 4 il ərzində təkcə dövlət qulluqçuları və hərbçilər sosial sığorta sisteminə qoşulublar”.

Sanciv Şrivastva Azərbaycanın Dünya Bankı tərəfindən bütün ölkələrə nümunə kimi göstərildiyini qeyd edərək, gələcəkdə Əfqanıstanın sosial-sığorta sisteminin maliyyə dayanıqlığını təmin etmək məqsədilə Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətində olduğunu bildirib.

Görüş zamanı Əfqanıstanın pensiya departamentinin rəhbəri və əmək nazirinin müavini Fazel Əhməd Bahmazi öz növbəsində ölkədə hazırda bütün sosial-sığorta işinin kağız daşıyıcılarda olduğunu bildirib və gələcəkdə bu proseslərin avtomatlaşdırılmasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, Əfqanıstanın nümayəndə heyətinin Azərbaycana səfəri dekabrın 27-dək davam edəcək. Bu müddət ərzində qonaqlara DSMF-də tətbiq olunan informasiya idarəetmə, fərdi uçot, maliyyə-idarəetmə sistemləri, qanunvericilik, sosial sığorta haqlarının toplanması və s. məsələlərlə bağlı məlumatlar veriləcək. Səfər zamanı nümayəndə heyəti Azərbaycanın bir sıra bölgələrində yerləşən DSMF-nin şöbələrinin işi ilə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR