Bank Of Baku

Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının iclası keçirilib

Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının iclası keçirilib
# 22 dekabr 2009 13:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov deyib ki, 2009-2015-ci illərdə elmi inkişaf üzrə milli strategiya və strategiyanın həyata keçirilməsi üçün prioritet istiqamətlər müəyyənləşməlidir. O bildirib ki, hazırda Azərbaycanda elm daha çox sosial-mədəni funksiya daşıyır, onun iqtisadiyyata təsir etməsi üçün Ümumi Daxili Məhsulda (ÜDM) elmə ayrılan pay artırılmalıdır: “Hazırda ÜDM-də elmin payı 0,5 faiz təşkil edir. Bu rəqəm heç olmasa 2 faizə çatdırılmalıdır”.

Akademiyanın birinci vitse-prezidenti Arif Haşımov isə strategiya təsdiqləndikdən sonra AMEA-da müvafiq qurumların iştirakı ilə nazir müavinləri səviyyəsində işçi qrup formalaşdırıldığını söyləyib: “İndiyədək işçi qrupun iki iclası keçirilib. Orada elmin əsas inkişaf prioritetləri müzakirə olunub. AMEA strategiyanın həyata keçirilməsi üçün əlaqələndirici orqan seçilib. Strategiyaya əsasən AMEA-nın tabeliyindəki bütün elmi institutların, nazirlik, komitə, səhmdar cəmiyyət, ali təhsil müəssisələrinin tabeliyindəki elmi qurumların vahid prinsip əsasında idarə olunması üçün vahid mexanizmlər işlənməlidir. Bütün elmi-tədqiqat müəssisələrinin vaxtaşırı monitorinqləri keçirilməli, AMEA-nın illik hesabatlarında ölkədə fəaliyyət göstərən bütün elmi müəssisələrin nəticələri təhlil edilməlidir”.

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov isə hesab edir ki, elmi tədqiqatların əlaqələndirmə şuralarının səlahiyyətləri artırılmalı, bütün dissertasiya mövzuları bu şuralara təqdim olunmalıdır: “Mənim doktoranturaya qəbul qaydaları ilə bağlı da müəyyən iradlarım var. Qiyabi doktorantura özümüzü aldatmaq deməkdir. Yenə də bu halda kimlərsə təsadüfi yolla elmi dərəcələr alacaq və problemlər davam edəcək”. Ə. Əmiraslanov son illər Tibb Universitetinin aspiranturasının boş qaldığını vurğulayıb. Onun sözlərinə görə, buna səbəb doktorantların təqaüdlərinin çox az olmasıdır: “Doktorantların təqaüdləri artırılmalıdır. Elmdə fasiləyə yol vermək olmaz. Ona görə də doktoranturaya qəbul qaydaları təsdiq edilməli və gələn ilin martında qəbul elan olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR