Bank Of Baku

Azərbaycan ali məktəblərinə sənəd verənlərin sayı azalıb

Azərbaycan ali məktəblərinə sənəd verənlərin sayı azalıb
# 25 dekabr 2009 08:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-2010-cu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 112875 abituriyent sənəd verib. Əvvəlki illə müqayisədə sənəd verənlərin sayı 3645 nəfər azalıb. Abituriyentlərin 48,80 faizini oğlanlar, 51,20 faizini isə qızlar təşkil edib. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009-2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, 2009-cu ildə orta ümumtəhsil məktəblərinin 108271 məzunu olub, onların 66619 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə qəbul imtahanlarında 107347 nəfər, magistraturaya 14711 nəfər (I tur imtahanında) və 6294 nəfər (II tur imtahanında ), əsas təhsil bazasında texnikumlara qəbul imtahanlarında isə 26062 nəfər iştirak edib.

M. Abbaszadənin sözlərinə görə, bu il ali məktəblərə 29030 plan yeri ayrılmışdı. Onlardan 19725 yer Azərbaycan bölməsinin, 3042 yer rus bölməsinin, qalan 6263 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planı 96,48 faiz dolub. Son qəbul imtahanında 3830 nəfər magistraturaya, 28009 nəfər bakalavriaturaya, 6406 nəfər orta təhsil bazasından, 8979 nəfər isə əsas təhsil bazasından texnikumlara daxil olub.

TQDK sədri deyib ki, abituriyentlərin seçimi əsasında ali məktəblərin reytinqi formalaşıb. Bu il ali məktəblərin reytinq cədvəlinə Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edib. İkinci yer Azərbaycan Tibb Universitetinə, üçüncü yer Azərbaycan Dillər Universitetinə, dördüncü yer isə Bakı Dövlət Universitetinə məxsusdur. Özəl ali məktəblər arasında ən yüksək yeri Qafqaz Universiteti tutur.

M. Abbaszadə bəyan edib ki, abituriyentlərin ərizələrində Azərbaycan bölməsi üzrə ən çox birinci yerdə göstərilən ixtisaslar I qrupda “Neft-qaz mühəndisliyi” (ADNA), II qrupda “İqtisadiyyat” (ADİU), III qrupda “Xarici dil müəllimliyi (ingilis dili)” (ADU), IV qrupda isə “Müalicə işi”dir (ATU). Rus bölməsi üzrə isə ən çox birinci yerdə göstərilən ixtisaslar I qrupda “Kompüter elmləri” (BDU), II qrupda “İqtisadiyyat” (ADİU), III qrupda “Hüquqşünaslıq” (BDU), IV qrupda isə “Müalicə işidir (ATU).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR