Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisinin iclası keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisinin iclası keçirilib
# 28 dekabr 2009 09:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) II Məclisinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Məclis üzvləri, respublikanın şəhər və rayonlarından Həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iştirak ediblər. AHİK sədri Səttar Mehbalıyev “Respublikada həmkarlar ittifaqı hərəkatının inkişaf meylləri, problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda Həmkarlar İttifaqı hərəkatının inkişafda olduğunu bildirən S. Mehbalıyev eyni zamanda həmkarlar ittifaqlarının hüquq və azadlıqlarının pozulmasına qarşı mübarizə aparıldığını qeyd edib. O, son dörd ildə 451 yeni həmkarlar ittifaqı təşkilatı təsis edildiyini, son iki ildə isə mülkiyyət münasibətlərindən asılı olmayaraq 200-dən yuxarı müəssisə və təşkilatda yeni həmkarlar ittifaqlarının yaradıldığını bildirib. Bu təşkilatlar 17000-ə yaxın üzvü birləşdirir: “Nəticədə respublikadakı xarici sərmayəli, birgə və özəl müəssisələrdə yaradılan həmkarlar ittifaqı təşkilatlarının sayı 3462-yə, üzvlərinin sayı isə 143532 nəfərə çatıb. Bu fakt bütövlükdə Azərbaycan Həmkarlar İttifaqları hərəkatı üçün müsbət haldır”.

O, işçilərin sosial müdafiəsi ilə bağlı aparılan işlər nəticəsində həmkarlar ittifaqına olan inamın getdikcə bərpa olunduğunu vurğulayıb: “Bunu üzvlərin həmkarlar ittifaqına yazdıqları müraciətlərdən də hiss etmək mümkündür. Əgər 2004-cü ildə həmkarlar ittifaqlarına cəmi 68 min 144 ərizə daxil olmuşdursa, 2009-cu il yanvar ayının 1-ə olan məlumata görə, respublika həmkarlar ittifaqları üzvlərindən 236 min 220 ərizə alınıb. Bunların da 98%-i müsbət həll edilib”.

Məruzə ətrafında müzakirələrdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyev, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədri Tofiq Musayev çıxış ediblər.

Məclisdə müzakirə olunan məsələlər barəsində müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR