Bank Of Baku

Azərbaycan Milli Qəhrəmanına həsr olunmuş filmin təqdimatı keçirilib - FOTO

Azərbaycan Milli Qəhrəmanına həsr olunmuş filmin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 09 yanvar 2010 10:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi, telejurnalist Etibar Məmmədovun müəllifliyi ilə Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifova həsr olunmuş filmin təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirin aparıcısı, jurnalist İlhamiyyə Rzayeva bildirib ki, bu mövzunu həyat mövzusu kimi daşıyanlar var, Qənirə Paşayeva belə şəxslərdəndir.

Sonra çıxış edən filmin təşəbbüsçüsü Q. Paşayeva filmin araya-ərsəyə gəlməsindən danışıb. Onun sözlərinə görə, belə qəhrəmanların təbliği Azərbaycan cəmiyyəti üçün çox vacibdir: “Onlar yaşlarının ən gözəl vaxtında şəhid olublar. Naiq Yusifov və onun kimiləri Azərbaycan gəncləri üçün örnəkdirlər. Bu qəhrəmanlarla yanaşı, onların ailə üzvlərini də təbliğ etməliyik. Çünki valideynləri də onlar kimi qəhrəmandırlar. Belə ailələri gənc ailələrə tanıtmalıyıq. Naiq Yusifovun nəslindən çox qəhrəman çıxıb. Onların arasında Sovet İttifaqı Qəhrəmanı da var”.

Q. Paşayeva Azərbaycan telekanallarında belə filmlərin nümayişinin davamlı olmasını arzu edib.

Millət vəkili Azərbaycanın Milli qəhrəmanları haqqında internet saytının yaradılacağını da bildirib: “Bu saytın da təqdimatı olacaq. Hər şeyi dövlət etməsini istəyənlər var. Bəs dövlət kimdir? Dövlət elə bizik də. Bunu hamımız anlamalıyıq. İmkanlı şəxslərimiz bu məsələlərə dəstək verməlidirlər. Biz qəhrəmanlarımızı nə qədər öyrənib, öyrətsək, o qədər çox qəhrəmanımız olacaq”.

Sonra film nümayiş etdirilib.

Qeyd edək ki, Naiq Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub. Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstələrdən birinə yazılıb. 24 mart 1992-ci il tarixdə Tovuzun Koxa-Nəbi kəndinə hücum edən ermənilərlə döyüşdə Naiq Yusifov qumbaranı sinəsinə sıxaraq partladıb, bir neçə düşməni məhv edib, özü isə şəhid olub. Azərbaycan prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Yusifov Naiq Nəsir oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR