Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun telefon məlumat xidmətinə ötən il 29 mindən artıq müraciət daxil olub

Dövlət Sosial Müdafiə Fondunun telefon məlumat xidmətinə ötən il 29 mindən artıq müraciət daxil olub
# 14 yanvar 2010 11:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 190 nömrəli telefon məlumat xidmətinə ötən il ərzində daxil olan müraciətlərin 45,3%-i pensiya məsələlərinə aid olub.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, daxil olan müraciətlərin 22,6%-ni məcburi dövlət sosial sığortasına, 10,2%-ni isə fərdi uçotun təşkilinə dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 22,9%-i digər məsələlərlə bağlı olub. Daxil olan müraciətlər arasında bilavasitə fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə edilib.

Ümumilikdə 190 nömrəli telefon məlumat xidmətinə ötən il ərzində 29 325 müraciət daxil olub. Bütün müraciətlər operativ şəkildə cavablandırılıb. Qeyri-iş günlərinə təsadüf edən zənglərə isə avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib. Aparılan araşdırmalara əsasən, canlı əlaqə zamanı telefon məlumat xidmətinə ünvanlanan suallar arasında əmək pensiyası hüququnun neçə yaşdan yarandığı, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, pensiya təyinatı üçün hansı sənədlərin tələb edildiyi, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib. Müraciətlər arasında fondun yerli şöbələrinin fəaliyyətindən şikayətlər də olub ki, həmin şikayətlərlə bağlı dərhal araşdırma aparılıb və müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, 190 nömrəli telefon məlumat xidmətinin yaradılmasında başlıca məqsəd ictimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarına dərhal aydınlıq gətirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR