Bank Of Baku

Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
# 23 yanvar 2010 09:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Dillər Universitetində (ADU) universitetin beynəlxalq əlaqələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova bildirib ki, ADU-nun nümayəndə heyəti rektor Səməd Seyidovun rəhbərliyi ilə Türkiyənin Ankara və Hacəttəpə universitetlərinə səfər edərək əməkdaşlıq müqavilələri imzalayıb: “Əvvəllər Türkiyə universitetləri ilə əməkdaşlıq ancaq tələbə mübadiləsi səviyyəsində idi. Son illərdə isə əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”.

J. Qəribovanın sözlərinə görə, ADU Ankara Universitetinin Türkcə Öyrətim Mərkəzinin formal təmsilçisidir. Ankara Universiteti ilə bağlanmış müqaviləyə əsasən, türk dilinin yabançı dil kimi testləri ADU-da da hazırlanacaq. Yəni bundan sonra türk dilini öyrənmək istəyən şəxslərə Türkiyəyə getmək lazım gəlməyəcək, həmin şəxslər ADU-da hazırlanan testlərdən istifadə etməklə türk dilini necə mənimsədiklərini yoxlaya biləcəklər: “Artıq üçüncü ildir ki, ADU-da Dövlət Departamentinin xətti ilə reallaşdırılan yay məktəbi vasitəsilə ABŞ-dan gələn tələbələrə Azərbaycan dili öyrədilir. Ankara Universitetinin təcrübəsindən Azərbaycan dilinin yabançı dil kimi öyrədilməsində də istifadə ediləcək”.

Hacəttəpə Universiteti ilə bağlanan müqavilə isə tərcüməçi hazırlığını daha da gücləndirməyə xidmət edəcək. J. Qəribovanın sözlərinə görə, ADU-da tərcüməçi hazırlığını daha da təkmilləşdirməyə ehtiyac var: “Xüsusilə şifahi və sinxron tərcümə sahəsi ilə bağlı Hacəttəpə Universiteti ilə əməkdaşlıq ediləcək. Hacəttəpə Universiteti Strasburq Universiteti ilə əməkdaşlıq edir. Bizim tədris proqramlarımız bu universitetlərin tədris proqramlarına uyğunlaşdırılaraq beynəlxalq səviyyəyə çatdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR