Bank Of Baku

Azərbaycanın Kürdəmir rayonunda leysan yağışları nəticəsində xeyli sayda evi, bir neçə dövlət müəssisəsini su basıb

Azərbaycanın Kürdəmir rayonunda leysan yağışları nəticəsində xeyli sayda evi, bir neçə dövlət müəssisəsini su basıb
# 01 aprel 2010 09:33 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə normadan artıq yağan leysan yağışları nəticəsində əmələ gələn sel suları Kürdəmir şəhərində ciddi problemlər yaradıb, insanların gediş-gəlişi çətinləşib. Su 15-ə yaxın fərdi yaşayış evinin otaqlarına, digər mənzillərin isə zirzəmisinə dolub, divarlarda çatlar əmələ gəlib, həyətyanı sahələr lil örtüyü ilə əhatə olunub. Bir çox həyətlərə yığılan suyun hündürlüyü 1 metrə yaxındır. Küçələrdə keçilməz su gölməçələri yaranıb. Həmçinin, Kürdəmir şəhərindəki qaz istismar idarəsinin, paylayıcı elektrik şəbəkəsinin və uşaq-musiqi məktəbinin otaqlarına və həyətyanı sahəsinə də yağış suları dolub. Axşam saatlarında rayona elektrik verilişi tam dayanıb və hazırda enerji verilişinin bərpası istiqamətində iş aparılır. Aran yaşayış massivində, Atakişili və Xırdapay kəndlərində 40-a yaxın evin həyətini su basıb, yolları, əkin sahələrini lil örtüb. Güclü yağışdan sonra bu gün səhər saatlarında Kür çayının sahilində yerləşən Mollakənd və Türkədi kəndlərində yeraltı qrunt sularının səviyyəsi 30-40 santimetr qalxaraq 40-a yaxın fərdi yaşayış evini, tövləni su basıb.
Həyətlərdən suyun çəkilməsi üçün əraziyə Kürdəmir rayon Su-Kanal İdarəsinin və Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Köməklik üçün Ucar və Ağdaş rayon Dövlət Yanğından Mühafizə hissələrinin maşınları da Kürdəmirə göndərilib. Rayon Fövqəladə hallar komissiyanın nümayəndələri yağış sularının ziyan vurduğu yerlərdə olublar.
Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov APA-nın yerli bürosuna bildirib ki, hal-hazırda həyətlərdən suyun çəkilərək başqa əraziyə axıdılması istiqamətində işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR