Bank Of Baku

Səhiyyə Nazirliyi: “Təbii fəlakət baş verən Kür qırağı rayonlarda epidemioloji durum sabitdir”

Səhiyyə Nazirliyi: “Təbii fəlakət baş verən Kür qırağı rayonlarda epidemioloji durum sabitdir”
# 10 may 2010 08:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda təbii fəlakət qeydə alınan Kür qırağı rayonlarda Səhiyyə Nazirliyinin (SN) həkim briqadaları fəaliyyət göstərir”. Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevin APA-ya verdiyi məlumata görə, Şirvan, Sabirabad, Zərdab, Kürdəmir və Salyan rayonlarında bütün həkimlər səfərbər edilib. Nazirliyin məsul işçiləri həmin rayonların baş həkimləri ilə birlikdə növbəli qaydada bu rayonlarda koordinasiya işlərini həyata keçirirlər. Fəlakət bölgəsində Cərrahiyyə İnstitutundan, Respublika Klinik Xəstəxanasından və digər tibb müəssisələrindən də briqadalar işləyir.

S. Əliyev deyib ki, həkimlər çadırlarda məskunlaşan bütün insanlara baxış keçirirlər: “Həmin ərazilərə hətta ilan zəhərinə də qarşı zərdab göndərilib. Baş verən təbii fəlakətdən əhali bir az stressdədir. Xüsusən də şəkərli diabet xəstəliyi olan xəstələrə dərman vasitələri çatdırılıb. Həmin ərazilərə bütün növ dərman və sarğı materialları, sakitləşdirici, təzyiq salan vasitələr, çoxlu çadırlar, yorğan, döşək göndərilib”.

Nazirliyin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov isə APA-ya bildirib ki, nazirliyin epidemioloji briqadaları sel basmış rayonlarda, əsasən də Şirvan, Sabirabad və Zərdabda dezinfeksiya işləri həyata keçirirlər. Sektor müdiri hələlik bu ərazilərdə epidemioloji durumun sabit olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR