Bank Of Baku

Tərtərdə istifadəyə verilən Regional Peşə Təlimi Mərkəzində təlimlərə başlanıb

Tərtərdə istifadəyə verilən Regional Peşə Təlimi Mərkəzində təlimlərə başlanıb
# 11 may 2010 08:54 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində Tərtər rayonunda müharibədən zərər çəkən insanlar, mina qurbanları və onların ailə üzvləri, aztəminatlı ailələr, qaçqınlar və məcburi köçkünlər üçün inşa edilib istifadəyə verilən Regional Peşə Təlimi Mərkəzində artıq təlimlərə başlanıb. BAMF-ın informasiya departamentindən APA-ya verilən məlumata görə, 8 ay davam edəcək kursun birinci mərhələsində (4 ay) təlimlərə dörd istiqamət – tingçiliyin inkişafı, çörəkbişirmənin texnologiyası, xalçaçılıq və kompüter bacarıqlarının inkişafı istiqamətləri üzrə 32 nəfər (hər peşə üzrə 8 nəfər) cəlb edilib. Müdavimlərə bu müddət ərzində Azərbaycanda tingçiliyin və meyvəçiliyin inkişafı yolları, meyvəçilikdə regional xüsusiyyətləri, çalaq işlərini, ayrı-ayrı meyvə ağacı növlərinin əkilməsi, çoxaldılması və yetişdirilməsinin aqrotexniki üsulları öyrədiləcək. Müharibədən zərər çəkənlərin və mina qurbanlarının ailə üzvlərindən bir qismi çörəkbişirmə və xalçaçılıq peşələrinə yiyələnməyə üstünlük verib. Kompüter bacarıqlarının inkişafı kursuna əsasən mina qurbanlarının övladları cəlb olunublar.
Təlimlər peşəkar mütəxəssislər tərəfindən BMT-nin Beynəlxalq Əmək Təşkilatının müəyyən etdiyi standartlara uyğun hazırlanmış proqram əsasında aparılır. Tərtər Regional Peşə Təlimi Mərkəzində təlimlərə başlanması münasibətilə BAMF-nin sədri, həyata keçirilən layihənin rəhbəri Umud Mirzəyev müdavimləri təbrik edib və onlara uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR