Bank Of Baku

Mehriban Əliyeva: “Azərbaycan qadın hüquqlarının müdafiəsində böyük uğurlar əldə edib”

Mehriban Əliyeva: “Azərbaycan qadın hüquqlarının müdafiəsində böyük uğurlar əldə edib”
# 24 may 2010 08:25 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan paytaxtında Avropa Şurasının “Gender bərabərliyi: de yure və de fakto gender bərabərliyi arasındakı fərqin aradan qaldırılması” mövzusunda 7-ci konfransı başlayıb. APA-nın məlumatına görə, konfransda Avropa Şurası baş katibinin müavini Mod de Bur Bukikkio (Maud de Boer Buquicchio) və baş katibin müavini Aşe-Roze Migiro (Ashe-Rose Migiro) da iştirak edir. Tədbirin açılışında Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubu oxunub. Məktubda deyilir ki, gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətinin inkişafının və insan hüquqların qorumasının əsas prioritetlərindən biridir: “Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkilik qarşısında xidmət göstərir”. Prezident xatırladıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş azərbaycanlı qadınların kobud şəkildə pozulmuş əsas hüquqları hələ də bərpa olunmayıb.

Konfransda çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirib ki, bu tədbir gender bərabərliyi məsələsində dialoq və qlobal təcrübə mübadiləsinə imkan verir: “Bu konfrans əsl uğurdur. Beynəlxalq ictimaiyyət öz diqqətini cinslər arasında bərabərliyin təmin olunmasına yönəltməlidir. Müasir Avropa cəmiyyətində qadın bütün ictimai sferalarda, siyasətdə və biznesdə iştirak edir. Lakin bu pozitiv dəyişikliklərə baxmayaraq, hələ görüləcək işlər var. Hələ bir çox tövsiyə və qətnamə yerinə yetirilməyib. Ona görə də gender bərabərliyi problemləri bir tərəfdən müasir cəmiyyət üçün çox vacib prioritetdir, digər tərəfdən isə əldə edilən nailiyyətlərin daha da yaxşılaşdırılmasına ehtiyac var. Azərbaycan qadın hüquqlarının müdafiəsində böyük uğurlar əldə edib. XX əsr Azərbaycan qadınlarının həyatında yeni bir dövr olub”.

Avropa Şurası baş katibinin müavini Mod de Bur Bukikkio isə çıxışında deyib ki, konfransın əsas məqsədi qadın və kişilərin ictimai həyatın bütün sahələrində bərabər hüquqlara və məsuliyyətə malik olduqlarının dərk edilməsidir: “Bu konfrans həm də əldə olunmuş irəliləyişləri qiymətləndirməyə və bu sahədə mövcud olan ləngimə, hətta tənəzzülləri tədqiq etməyə imkan verəcək”.

Qeyd edək ki, gender bərabərliyinə görə məsul olan avropalı nazirlər Bakı konfransında bu məsələdə irəliləyişə mane olan amilləri tədqiq etməklə yanaşı, müsbət fəaliyyətin nəticələrini təkmilləşdirmək, təhsil sistemi və KİV-in gender stereotiplərinə qarşı mübarizə yollarını da müzakirə edəcəklər. Nazirlər Avropa Şurasının bu sahədə qətnamə qəbul etməsi perspektivini araşdıracaq, habelə gələcək fəaliyyəti müəyyənləşdirəcək tədbirlər planını hazırlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR