Bank Of Baku

İtaliya alimləri Azərbaycandakı palçıq vulkanlarında tədqiqatlar aparacaqlar

İtaliya alimləri Azərbaycandakı palçıq vulkanlarında tədqiqatlar aparacaqlar
# 24 may 2010 09:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. İtaliyanın Milli Tədqiqatlar Şurasının Geologiya Elmləri və Təbii Sərvətlər İnstitutunun mütəxəssisləri Anjelo Minissale və Marko Bonini Azərbaycandakı palçıq vulkanlarında tədqiqatlar aparacaqlar. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeddigünlük səfər çərçivəsində Ayrantökən, Daşgil, Qoturdağ, Bahar, Pirəkəşkül, Şıxzəyirli, Üçtəpə və digər palçıq vulkanlarına ekspedisiyalar ediləcək, İtaliyada analiz etmək üçün vulkanlardan palçıq və su nümunələri götürüləcək. Ekspedisiyalar Geologiya İnstitutunun Neft və qaz geologiyası və geokimyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkbər Feyzullayevin rəhbərliyi ilə həyata keçiriləcək.

Tədqiqatlardan məqsəd palçıq vulkanlarının yerləşdiyi ərazilərdə mövcud olan tektonik qabarma və qırılmaların vulkan fəallığı ilə əlaqəsi, həmçinin vulkanlar arasında bu baxımdan olan fərqləri öyrənməkdir. Müxtəlif palçıq vulkanlarından çıxan metan və radioaktiv qazların tərkibi arasındakı fərqlərin bu geoloji xüsusiyyətlə əlaqəsini müəyyən etmək də tədqiqatların hədəflərindəndir. İndiyəcən bu istiqamətdə Azərbaycanda müasir üsullarla fundamental tədqiqatlar aparılmayıb.

Xatırladaq ki, dünyanın 36 ölkəsində, o cümlədən İtaliyada ümumən 1000-dən artıq palçıq vulkanı var ki, onların 300-dən çoxu Azərbaycandadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR