Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları 1 və 15 saylı cəzaçəkmə müəssisələrində olublar

Ombudsman Aparatının əməkdaşları 1 və 15  saylı cəzaçəkmə  müəssisələrində olublar
# 26 noyabr 2010 15:00 (UTC +04:00)
Bakı-APA. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri V. Məhərrəmov və V. Heydərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 və 15 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) uzunmüddətli başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmənin əsas məqsədi Fakültativ Protokolun tələblərinə müvafiq olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsi və bu istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən ibarət olub.

Ombudsmanın nümayəndələri müəssisələrin yataqxanalarına, cərimə təcridxanalarına, karantin zonalarına, görüş yerlərinə, sanitar-tibb hissələrinə, bu CÇM-lərdəki məscid və kilsələrə, ərzaq anbarına və mətbəxə, yeməkxanalara, kitabxanalara, idman, habelə stolüstü tennis və bilyard zallarına, klublara və digər obyektlərə baş çəkiblər. Qrupun üzvləri bir sıra məhkumları qəbul edib, onlarla təkbətək söhbət aparıb, hüquqlarını izah edib, saxlanma şəraitini öyrəniblər.

Başçəkmə zamanı müəssisələrdə məhkumların asudə vaxtının səmərəli təşkili üçün kitabxanaların mövcud olması, məhkumların bir qisminin kitabxanadan istifadə etməsi, müəssisə kollektiv şurası tərəfindən divar qəzetlərinin hazırlanması, idmanın müxtəlif növləri, o cümlədən stolüstü oyunlar üçün şəraitin yaradılması müsbət hal kimi qiymətləndirilib. Həmin CÇM-lərdə yeməkxana, mətbəx, camaşırxana və hamamın yaxşı vəziyyətdə olduğu müəyyən edilib.

Eyni zamanda bir sıra nöqsanlar aşkar edilib. 1 saylı cəzaçəkmə müəssisəsinin yataqxanalarında döşəmələrin daşdan olması, tibb hissəsində stomatoloji aparatın yararsız vəziyyəti, 15 saylı CÇM-in ümumi yaşayış sahəsinin limitə görə normadan az olması qüsur kimi qiymətləndirilmiş və müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb. Başçəkmə zamanı aşkar edilmiş bəzi çatışmazlıqların aradan qaldırılması və saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər iki müəssisənin rəhbərliyinə tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR