Bank Of Baku

Təhsil Nazirliyinin sektor müdiri: “Azərbaycanda 132 minə yaxın 5 yaşlı uşağın yalnız 21,5 faizi məktəbəqədər təhsilə cəlb edilib”

Təhsil Nazirliyinin sektor müdiri: “Azərbaycanda 132 minə yaxın 5 yaşlı uşağın yalnız 21,5 faizi məktəbəqədər təhsilə cəlb edilib”
# 29 noyabr 2010 13:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün “Şəffaflıq Azərbaycan” Korrupsiya Qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə Təhsil Nazirliyi, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və beynəlxalq qurumların iştirakı ilə “Məktəbəqədər təhsilin mövcud vəziyyəti, problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Təhsil Nazirliyi məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva bildirib ki, hazırda Azərbaycanda 132 minə yaxın 5 yaşlı uşaq var. Onlardan yalnız 28348-i başqa sözlə, 21,5 faizi məktəbəqədər təhsilə cəlb edilib. 103577 nəfər isə bu təhsildən kənarda qalıb: “Beş yaşlılar məktəbəqədər təhsilə cəlb edilmədir. Bu məsələdə hər şeyi dövlətin üzərində atmaq da düzgün deyil. Çox təəssüf ki, şadlıq evlərinin sayı artır, bağçaların isə sayı azalıb. İş adamları bağçaların təmiri ilə məşğul ola bilər. Təəssüf ki, sponsorlar bu sahəyə nə isə meyl etmirlər. Problemin həll üçün yeni, həm də yardımçı binalar tikmək lazımdır”.

N. Alnağıyeva deyib ki, yeni binaların tikilməsini də gözləmək lazım deyil: “Çünki “Təhsil haqqında” qanunda 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsinə cəlbinin zəruriliyi xüsusi ilə qeyd edilib. Ona görə də alternativ yollardan istifadə edilməlidir. Buna görə də Təhsil Nazirliyi hər bir rayon ərazisində yaşayan 5 yaşlıların sayını dəqiqləşdirmək məqsədilə yerlərə məktublar göndərib”.

Nazirlik rəsmisinin sözlərinə görə, bu gün məktəbəqədər təhsilə cəlb olunmayan uşaqların məktəbəqədər təhsilə cəlbi üçün alternativ yollar axtarılmalıdır. Bu məsələ ilə bağlı qısa müddətli təlim kurslarının təşkili də mühüm rol oynaya bilər: “Vacib deyil ki, bu təlimlər bağça binasında olsun. Bu məktəb, bələdiyyə, mədəniyyət evlərinin binasında da ola bilər. Artıq Rusiyada bu təcrübə var. Orada qısa müddətli təlim kurslarının təşkilinin çox böyük əhəmiyyəti olub. Bununla heç olmasa qismən də olsa, biz 5 yaşlıları məktəbəqədər təhsillə əhatə etmiş olarıq”.

“Şəffaflıq Azərbaycan” Korrupsiya Qarşı Mübarizə İB-nin icraçı direktoru Rəna Səfərəliyeva isə bildirib ki, məktəbəqədər təhsillə bağlı “Təhsil haqqında” qanunda müəyyən boşluqlar var: “Qanunun 18.4-cü bəndində məktəbəqədər təhsilin zəruri olduğu yazılıb. Amma qanunda bu söz ya məcburi, ya könüllü olmalıdır. Çünki bəzi məktəb direktorları bundan istifadə edərək valideynlərdən uşağın məktəbəqədər təhsil müəssisəsinə cəlbi ilə bağlı arayış istəyirlər”.

R. Səfərəliyeva deyib ki, qanunda məktəbə hazırlığın hansı yaşdan başlanması da dəqiqləşdirilməlidir: “Qanun 18.3 bəndində bu, 3 yaş, 18.4 bəndində isə 5 yaş göstərilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR