Bank Of Baku

Ötən il 409 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib

Ötən il 409 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib
# 08 fevral 2011 16:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Milli Məclisin regional məsələlər komitəsinin iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” məsələyə baxılıb. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

İclasda çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirib ki, yerli əhəmiyyətli məsələlərin həllində özünüidarə orqanlarının rolunun artırılması məqsədilə 2009-cu ildə qəbul olunmuş qanunlara əsasən 2010-cu ildə Azərbaycandakı 1567 bələdiyyədən 1552-si birləşdirilərək 569 yeni bələdiyyə yaradılıb. Naxçıvan Muxtar Respublikasında isə 84 bələdiyyənin birləşməsi nəticəsində 40 yeni bələdiyyə yaradılıb. Müvafiq qaydada həmin bələdiyyələrin əmlakı, maliyyə vəsaitləri və s. üzrə təhvil-təslim işləri aparılıb. Bu zaman yalnız bələdiyyə seçkiləri baş tutmamış 15 yerli özünüidarə orqanları üzrə təhvil-təslim aparılmayıb. Birləşmə komissiyalarının təqdim etdiyi materiallara əsasən 11 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılıb, ciddi qanun pozuntuları müəyyənləşdirilib, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Komitə üzvlərinə bildirilib ki, əvvəllər ölkədəki bütün bələdiyyələrin fəaliyyətinə nəzarəti yalnız bir qurum həyata keçilib. İşin həcminin çoxluğu Bələdiyyələrlə İş Mərkəzi üçün obyektiv çətinliklər yaradıb. Bunu nəzərə alaraq nazirlik yerlərdə regional ədliyyə şöbələri yaradıb və həmin qurumların işçiləri üçün Ədliyyə Akademiyasında təlimlər təşkil edib.

M. Səlimzadə həmçinin deyib ki, bələdiyyələrin işinə inzibati nəzarətin həyata keçirilməsi ilə əlaqədar 2010-cu ildə 26 635 bələdiyyə aktına baxılıb və müvafiq tədbirlər görülüb. İl ərzində xeyli torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. 409 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib. Yol verilmiş qanun pozuntularını yaradan səbəbləri aradan qaldırmaq üçün bələdiyyələrə zəruri tövsiyələr verilib.

Məruzəsinin yekununda M. Səlimzadə bələdiyyə üzvlərinin sosial təminatının yaxşılaşdırılması üçün yerli özünüidarəni tənzimləyən bəzi qanunvericilik aktlarının daha da təkmilləşdirilməsi zərurətinə də toxunub.

Müzakirələrdən sonra məruzə Regional məsələlər komitəsində nəzərə alınaraq Milli Məclisin müzakirəsinə təqdim olunması məqsədəuyğun sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR