Bank Of Baku

Azərbaycanın “Miras” İctimai Birliyi Milan Politexnik Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycanın “Miras” İctimai Birliyi Milan Politexnik Universiteti ilə əməkdaşlıq edəcək
# 21 fevral 2011 11:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan arxeoloqları İtaliyada səfərdədir. Azərbaycan nümayəndə heyətinin səfəri İtaliyanın Milan Politexnik Universitetinin dəvəti ilə gerçəkləşib. Nümayəndə heyətində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlilli və İdarə Heyətinin üzvləri - AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev, Ağsu sərgi kompleksi layihəsinin rəhbəri, bərpaçı-mühəndis Qədrəddin Nemətzadə təmsil olunurlar. Bu barədə APA-ya birliyin sədr müavini Rəşad İbrahimov məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Milan Politexnik Universitetində bir sıra görüşlər keçirib, qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Görüşlərdə Milan Politexnik Universitetinin prorektoru, professor Alessandro Balducci, BEST Departamentinin rəhbəri, professor Stefano Della Torre, Laboratoriya müdiri, professor Ezio Arlati və Elisabetta Roshina, professor Luigi Scrinzi və digər görkəmli alimlər iştirak ediblər. Onlar azərbaycanlı qonaqlara memarlıq abidələrinin və arxeoloji cəhətdən öyrənilmiş ərazilərin konservasiyası sahəsində əldə olunmuş zəngin təcrübə barədə ətraflı məlumat veriblər.

Səfər çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycan və Milan alimlərinin gələcəkdə həyata keçirə biləcəkləri birgə layihələr barədə fikir mübadiləsi aparılıb və əməkdaşlıq haqqında sənəd hazırlanıb. Yaxın vaxtlarda “Miras” İctimai Birliyi və Milan Politexnik Universiteti rəhbərliyi səviyyəsində çərçivə sənədinin imzalanması nəzərdə tutulur.

Bundan əlavə görüşlər çərçivəsində azərbaycanlı nümayəndələr arxeoloji abidələrin və mədəni irsin diaqnostikası sahəsində xüsusi təcrübəsi olan Artemis şirkətində olub, onun prezidenti Enrico Esposito ilə Orta əsr Ağsu şəhərinin ən yeni georadar və termoqrafik üsullarla tədqiqi istiqamətində fikir mübadiləsi ediblər. Rəsmi görüşlərlə yanaşı, azərbaycanlı qonaqlar Milan, Verona, Suave və Venesiya şəhərlərində olub, İtaliyanın tarixi və görkəmli yerləri ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR